AFFA-nın vitse-prezidenti: “Millətlər Liqasında qrupumuzun qalibi ola bilərik”
“Milli komandamız hamımızı sevindirdi. Çox narahat idik. Çünki bu matçın nəticəsi bir çox məsələləri həll edəcəkdi. Komandamız öz oyun üslubunu göstərdi və inamlı qələbə qazandı. Bu zəfər münasibətilə hər kəsi təbrik edirəm”.
Bunu Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda səfərdə Farer adaları yığmasını 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.
Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti olan R.Əliyev bildirib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı D liqasının III qrupunda 1-ci yeri tutmaq üçün yaxşı şansı var: “Bu gün Azərbaycanda idman inkişafdadır. Bu işin də başında cənab Prezident dayanıb. Futbolun inkişafı bütün əhalimizi maraqlandırır. Ona görə də qrupdan çıxmağımız vacib məsələdir. Bu qələbədən sonra şansımız var. Futbolçularımız bu cür əzmkarlıq göstərsələr, qrupda birinci yeri tutarıq və sonrakı mübariəzədən də qalib çıxa bilərik. Farer adalarına qalib gələ bilməsəydik, bu, bizə çətinlik yaradardı. Çünki qrupun lideri Kosovo qələbə qazandı. Hazırda 5 xalımız olsa da, evdə Malta və Farer adaları ilə matçlarımız var. Bu görüşlərdə və Kosovo ilə səfər oyununda qalib gəlsək, qrupdan çıxarıq”.
Qeyd edək ki, 3 turdan sonra Kosovo 7 xalla 1-ci yerdədir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq.