Maltanın baş məşqçisi: “Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”
“Oyunçularım burada yaxşı nəticə qazanmaq üçün hər şeyi etdi, lakin bəzi səhvlər məğlub olmağımıza gətirib çıxardı”.
Bunu Malta millisinin baş məşqçisi Rey Farruciya səfərdə Kosovoya 3:1 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının III tur matçından sonra deyib. 63 yaşlı mütəxəsis Kosovonun qələbəyə layiq olduğunu bildirib: “Oyunçularımın göstərdikləri performansdan razıyam. Yaxşı nəticə qazanmaq üçün hər şeyi etdik. Gənc futbolçularımız da yaxşı mübarizə apardılar. Ancaq Kosovo ilk hissədə çox yaxşı oynadı. İkinci hissədə hesabı bərabərləşdirsək də, qırmızı vərəqə almağımız oyun planımızı pozdu. Kosovonun qələbəni haqq etdiyini deyə bilərəm”.
Farruciya oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri oyunun da çətin olacağını bildirib: “Kapitanımız Maykl Mifsud qırmızı vərəqə aldığı üçün Bakıda keçirəcəyimiz görüşdə iştirak etməyəcək. Bu da bizim üçün əlavə problemdir. Bizi Azərbaycana qarşı çətin oyun gözləyir. Futbolçularımız qısa müddətdə bərpa prosesi keçib, həmin görüşə tam olmalıdırlar”.
Qeyd edək ki, 3 turdan sonra Kosovo 7 xalla 1-ci yerdədir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.