Namiq Əliyev: “DÇ-yə tam hazırıq”
Dünən yığmalarımızın açıq məşqini Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də izləyib. Dünya çempionatına yollanacaq güləşçilərin hər biriylə görüşüb, onlara uğurlar arzulayan AGF rəhbəri bunları deyib:
“Yarışa tam hazırıq. 8 gündən sonra dünya çempionatı başlayacaq. Düzdür, komandalarımıza təcrübəli güləşçilərlə yanaşı, gəncləri də cəlb etmişik. Gənclər arasında dünya çempionu olan və gümüş medal qazanan güləşçilərimizi əsas heyətdə sınaqdan keçirmək istəyirik. Gəncləşmiş heyətlə Macarıstana yollanırıq. Olimpiada üçün hədəflərimiz var. Ona görə də gəncləri sınamaq fikrindəyik.
Güləş həmişə nəticə verib. Hesab edirəm ki, bu dəfə də istisna olmayacaq. Baxmayaraq ki, heyətdə yetərincə gənc güləşçi var. Ümumən pəhləvanlarımız yaxşı formadadır. Ab-hava da yüksək səviyyədədir.
Böyük perspektiv vəd edən gənc güləşçilərimiz var. Ancaq onların adlarını açıqlamaq istəmirəm. Çünki ad çəkən kimi dərhal bütün dünyanın nəzəri onlara yönəlir. O gənclər özlərini mütləq Olimpiya Oyunlarında göstərəcəklər. Toğrul Əsgərovun London Olimpiadasında sürpriz qələbəsini təkrarlayacaq güləşçilərimiz var”.