Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə yığma komandamızın üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiq yarışda medal qazanmağa çalışıb.
Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub.
Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.
Qeyd edək ki, daha əvvəl Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi bir neçə medal qazanıb.