"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyun üçün bütün təyinatlar açıqlanıb.
Oktybarın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş israilli hakimlərə tapşırılıb. Matçın baş hakimi Roy Raynşrayberdir. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Amihay Yehoşua Mozes dördüncü, Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaqlar.
Hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir.
2014-cü ildən beynəlxalq dərəcəli hakim olan Roy Raynşrayber üçüncü dəfə Azərbaycan klubunun, ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək. O, Çempionlar Liqasının 2017-2018 mövsümünün III təsnifat mərhələsinin cavab oyununda Ağdam təmsilçisinin səfərdə Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etdiyi matçın baş hakimi olub. 38 yaşlı referi həmçinin 2015-2016 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya 1:2 hesabı ilə uduzduğu qarşılaşmada baş hakim olub.
Raynşrayber vaxtıilə Ukraynanın U-17 komandasının da matçına təyinat alıb. Referi 2014-cü il Avropa çempionatının elit-raundunda Ukraynanın səfərdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu görüşdə ədaləti qoruyub.
Qeyd edək ki, "Qarabağ" - "Vorskla" matçı saat 20:55-də başlayacaq.