Güləş üzrə dünya çempionumuz qələbəsini bir neçə ay dünyasını dəyişən qaynatasına həsr etdi-VİDEO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra mundialdakı çıxışı haqqında danışıb. Qələbəsini şərh edən yunan-Roma güləşçimiz uğurunun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemi olduğunu bildirib: Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi".
Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim Olimpiya çempionluğudu".
Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna həsr etdiyini də bildirib.
Qeyd edək ki , mərhum Akif Şahverdiyev eyni zamanda Eldənizin qaynatası idi.