Latviyanın paytaxtı Riqa şəhərində UEFA GROW Konfransı və mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə AFFA-nı Marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyevlə brend meneceri Yeganə Abbaszadə təmsil edib.
Konfransın ilk günü UEFA-nın 55 Milli Assosiasiyası ilə tərəfdaşlıq proqramı olan UEFA GROW proqramının “Gələcəyin Futbol Federasiyaları” strategiyasının təqdimatı edilib və bu mövzuda fikir mübadiləsi aparılıb.
Növbəti gün isə UEFA-nın ənənəvi mükafatlandırma mərasimi keçirilib. AFFA-nın rəqəmsal marketinq layihələri kateqoriyası üzrə təqdim etdiyi “Niyə də yox?!” layihəsi xüsusi mukafata layiq görülüb.
Qeyd edək ki, UEFA GROW mükafatlandırma mərasimi hər iki ildən bir təşkil edilir və müvafiq dövr ərzində 55 Milli Assosiasiyanın 5 müxtəlif kateqoriya üzrə layihələri qiymətləndirilir. Artıq üçüncü dəfədir ki, keçirilən mükafatlandırma mərasimində rekord sayda – 160 layihə üzrə qiymətləndirilmə aparılıb və qaliblər müəyyənləşdirilib.