Baş məşqçımiz Terimlə görüşdü - Güləşçilərimiz medalla qayıtdılar - FOTOLAR
Keçən ayın sonlarında Türkiyədə keçirilən beynəlxalq güləş yarışlarında iştirak edən sərbəst güləşçilərimiz vətənə medallarla qayıdıb.
Əvvəlcə İstanbulda 34-cü dəfə keçirilən Dünya Güləş Birliyinin (UWW) təqvimində də yer alan "Cümhuriyyət Kuboku" yarışlarında Əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi altında 3 idmançı iştirak edib. Az heyətlə turnirə qatılmasına baxmayaraq Tehran Əliyev (61 kq) və İslam İlyasov(86 kq) gümüş medal qazanıb. Babək Hüseynli (65 kq) isə 3 görüşdə qalib olmasına baxmayaraq 5-ci yerlə kifayətlənib.Komanda hesabında isə Azərbaycan yığması Türkiyə və Moldaviya millisindən sonra 3-cü yeri tutaraq "Cümhuriyyət Kuboku"na layiq görülüb.
Qeyd edək ki, komandamızın idarə heyətində "Olimpsport" jurnalının əməkdaşı Cavid Allahverdiyev də yer alıb.
İstanbul səfəri daha bir əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ramin Allahverdiyev eyni zamanda "Olimpsport" jurnalının baş redaktoru kimi İstanbulda keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qalatasaray" - "Şalke 04" görüşünü də canlı izləyib.1:1 hesabı ilə bitən oyunun mətbuat konfransında iştirak edən Ramin Allahverdiyev "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə görüşərək söhbətləşib.O, məşhur məşqçiyə Azərbaycanda yaşayan "Qalatasaray" tərəfdarlarının salamını çatdırıb və imperatora üzərində Azərbaycan - Türkiyə bayraqları həkk olunmuş hədiyyə təqdim edib.Fatih Terim isə Ramin müəllimə ona və klubuna sevgi göstərən azərbaycanlı azarkeşlərə təşəkkür etdiyini bildirib.
İstanbul səfərindən sonra komandamız Ərzurumda keçirilən türklərin ən populyar idman növü kimi tanınan karakucak üzrə güləş yarışlarına dəvət olunub. Təyyarə ilə Ərzuruma səfər edən pəhləvanlarımız beynəlxalq karakucak yarışında da uğurla çıxış ediblər. Minlərlə azarkeşin tamaşa etdiyi, həyacanlı keçən yarışda Tehran Əliyev (60 kq) və Babək Hüseynli (70 kq) çempion adını qazanıblar.