"Vorskla" klubu "Qarabağ"la oyundan əvvəl Ukrayna çempionatında qələbə qazanıb
"Vorskla" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçı ərəfəsində Ukrayna Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Poltava komandası çempionatın XIV tur matçında "Lvov"u məğlub edib - 2:0. Qolları 19-cu dəqiqədə Pavel Rebyonok, 39-cu dəqiqədə isə Nəcib Yakubu vurub.
Bu qələbə sayəsində "Vorskla" xallarını 24-ə çatdırsa da, yenə 4-cü pillədə qalıb. "Lvov" isə 17 xalla 7-cidir.
Turun mərkəzi görüşündə "Şaxtyor" Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə yenərək, xallarını 37-yə çatdırıb və liderliyini möhkəmlədib. "Dinamo" 29 xalla 2-ci pillədə qalıb. Evdə "Desna" ilə 1:1 hesablı heç-heçə edən "Aleksandriya" 27 xalla 3-cü yerdə gedir. Bu görüşdə meydan sahiblərinin heyətində Azərbaycan millisinin futbolçusu Pavel Paşayev oynamayıb.
Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı noyabrın 8-də Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.