Azad Rəhimov Bakı şəhərinin 15-ci Avropa Olimpiya Festivalına hazırlığından danışıb
Gənclər və idman naziri Azad Rəhimovİspaniyanın Marbelya şəhərində Avropa Olimpiya Komitələrinin sayca 47-ci iclasına qatılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, A.Rəhimov toplantıda Bakının 2019-cu il 20 - 28 iyulda ev sahibliyi edəcəyi Avropa Olimpiya Gənclər Festivalına hazırlığını əks etdirən təqdimatla çıxış edib. Nazir bildirib ki, 3600 idmançının qatılacağı yarışlar üçün Atletlər Kəndində 6 bina nəzərdə tutulub. Ümumilikdə idmançıların 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) növdə mübarizə aparacaqlarını qeyd edən idman rəsmisi yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırıb.
A.Rəhimov festivala Avropanın 50 ölkəsinin qatılcağını bildirərək, 48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarını təsdiqlədiklərini vurğulayıb.
İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.
Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyeofbaku2019.com, həştaqı isə #4everyoungbaku-dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu ildə "Crystal Hall"da gerçəkləşəcək.
Təqdimat mərasimindən sonra sual-cavab bölümü olub. İclas noyabrın 11-də işini yekunlaşdıracaq.