Cavid Hüseynovun anası Prezidentə müraciət etdi
“Qəbələ” klubunun həbsdə olan futbolçusu Cavid Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Olimpsport.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, müraciətdə bildirilib: “Sizə müraciət etməkdə məqsədim oğlum Cavid Hüseynovun işinə ədalətli baxılmasını xahiş etməkdir. Bütün ölkənin diqqətini cəlb edən hadisədə fotoreportyor Rasim Əliyevin vəfat etməsi bir ana kimi məni də hədsiz kədərləndirdi. Bu hadisədə oğlumun adının hallanması isə ikiqat zərbə oldu. İlk gündən hadisənin obyektiv araşdırılacağına şübhə etmədiyimizdən istintaqın başa çatmasını gözlədik və artıq ictimaiyyət də günahkarların kimliyini bilir. Bu hadisədən ölkəmizin əleyhinə istifadə etmək istəyən xarici qüvvələrin təzyiqinə baxmayaraq, işin obyektiv araşdırılması üçün hadisələri birbaşa nəzarətə götürən Cənab prezidentimizə buna görə ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, əgər oğlum Cavid Hüseynovun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Çünki həyat yoldaşım Şakir Abbas oğlu Hüseynov da daxil olmaqla, bu torpaq uğrunda şəhid olan oğullar ölkəmizin yaşaması, qanunların aliliyinin qorunması üçün canlarından keçiblər”.
Müraciətdə X.Hacıyeva həyat yoldaşının 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olduqdan sonra “İgidliyə görə” medalı ilə təltif olunduğunu yazıb: “Atası kimi oğlum Cavid Hüseynov da, dövlətə xidmət etməyi, çalışdığı sahədə ölkəmizin şərəfini qorumağı həmişə əsas məqsəd sayıb. Üç azyaşlı uşaqla qaçqınlar üçün ayrılmış yataqxanalarda min-bir əziyətləşəhid övladını “qatil” kimi böyütmək bizim tərbiyəmizə yaddır.
Cavidin məhz idman sahəsini seçməsi, burda uğurlara nail olması, milli komandada vacib qollar vuraraq dövlətimizin idmanın inkişafına yönələn siyasətinə öz töhfəsini verməsi bir ana kimi məni çox sevindirirdi. Son zamanlarda çıxış etdiyi “Qəbələ” klubunun bütün Avropanı təəccübləndirərək uğurla irəliləməsi, minlərlə azarkeşin rəğbətini qazanması oğlumun məsuliyətini daha da artırmışdı. Çox şadam ki, “Qəbələ”nin tarixdə ilk dəfə qitə turnirlərində qrup mərhələsinə düşməsində, Azərbaycanın çox az ölkəyə qismət olan uğura imza atmasında - bu mərhələdə iki komanda ilə təmsil olunmasında Cavidin oyunun da rolu oldu. Digər oğlum - Köln Universitetində təhsilini davam etdirən Şərif Hüseynovun da Vətən üçün layiqli övlad və önəmli kadr kimi yetişəcəyinə inamım böyükdür. Amma baş verən məlum bədbəxt hadisə ailəmizin hər bir üzvünü sonsuz narahat edir. Cavidin hadisənin baş verməsində günahının olmadığı istintaqla təsdiqləndiyi halda, artıq 9 aydır həbsdə qalması, onun həyatına, karyerasına və ailə üzvlərinə - 2 körpə uşağına təsirsiz ötüşmür. Mərhum R.Əliyevin hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdiyi halda, oğlumun hadisəni bilib deməməkdə təqsirli bilinməsi nə dərəcədə məntiqə uyğundur? Və yaxud istintaq materiallarında da Cavidin hadisədə iştirak edən qohumuna “getmə” deməsi təsdiqini tapıb. Üstəlik onların mərhumla “söhbət eləməyə” getmək istədiklərini söyləmələrində, Cavidin onları “söhbət etməyə gedəcəklərini” bilməsində o qədər bağışlanılmaz cinayət tərkibinin olmadığını hər kəs qəbul edir. Bunları nəzərə alaraq, bir ana kimi xahiş edirəm ki, oğlumun hələ Azərbaycan idmanına kömək edə biləcək yaşda olmasına, atasının “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid olmasına, ilk dəfə belə halla üzləşməsinə və nəhayət, iki körpə uşağına bağışlanmasına kömək göstərsiniz”