Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının V turunda Azərbaycanla Bakıda keçirəcəkləri oyun üçün start heyətini açıqlayıb.
Bu barədə 57 yaşlı mütəxəssisin özü "in.fo" saytına açıqlamasında bildirib. Danimarkalı baş məşqçi 3-4-3 taktiki düzülüşündən yararlanacağını diqqətə çatdırıb. O, qapıda Qunnar Nilsenə şans verib. Odmar Feryo, Atli Qreqersen və Sonni Raqnar Nattestad müdafiə “üçlüy”ünü təşkil edəcək. Orta xətdə Gilli Rolantsson Sörensen, Hallur Hansson, Roqvi Baldvinsson və Vilyormur Davidsen yer alacaq. Sonuncu ampluaca müdafiəçidir.
Baş məşqçi hücumda Sölvi Vatnhamar, Brandur Hendriksson Olsen və Klemint Andrasson Olsenə güvənəcək. O, Klemintlə Yakub Tomsen arasında seçim edərkən, birinciyə üstünlük verib. Öndə çıxış edəcək digər iki oyunçu isə əslində yarımmüdafiəçidirlər.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq. Kosovo hazırda 8 xalla qrup lideridir. Azərbaycanın 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.