Rusiya yığmasının sabiq baş məşqçisi: "Bunlar Azərbaycan futbolunun canlı əfsanələridir" - MÜSAHİBƏ
Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycana xoş gəlmisiniz. Təəssüratınızı bilmək maraqlı olardı...
- Xoş sözlərə görə minnətdaram. Belə bayramları mütəmadi etmək lazımdır ki, futbolu populyarlaşdıraq. Azərbaycan futbolu zəngin tarixə, ənənələrə malikdir. Bunu unutsanız, belə matçlar, nümunələr olmasa, gəncləri bu ab-havada tərbiyə etməsək, heç bir inkişaf olmayacaq, stadion tam dolmayacaq. Siz KİV nümayəndələri bunu başa düşərək hər yerdə təbliğ etməlisiniz. Üstəlik, Azərbaycanda yaxşı stadionlar tikilir, yüksək şərait yaradılır. Bu gün İsgəndər Cavadov Futbol Akademiyasında oldum, oradakı əla şəraiti gördüm. Gözəl akademiyadır və işlər də çox yaxşı qurulub. Bunlar isə gələcək nəsil üçün nəzərdə tutulub. Televiziya, mətbuat futbolu təbliğ etsə, əlbəttə, uşaqlar inkişaf edəcəklər. Baxın sizdə necə futbolçular olub, "Neftçi"nin necə tarixi var. Ona görə sizləri təbrik etmək istəyirəm. İkl növbədə də, səbəbkar Vəli Qasımovu. Vaxtilə onun karyerasında mənim də rolum olub. O, yaxşı işlədi və xaricdən layiqli dəvət aldı. Qasımovu, Azərbaycan futbolunu təbrik edirəm. İsgəndər Cavadov, Nazim Süleymanov kimi nümunələr var. Bunlar Azərbaycan futbolunun canlı əfsanələridir. Hələ Kazbek Tuayev, Anatoli Banişevski və digərlərini demirəm. Çox şadam ki, bu gün möhtəşəm matç keçirdiniz. Vəli Qasımovla oynamış çox futbolçu buraya gəlmişdi. Əlbəttə, bu, xoşdur və ölkə futbolunuzu inkişaf etdirmək istəyirsinizsə, belə diqqət həmişə olmalıdır.
- Digər tələbəniz Nazim Süleymanov bu gün fərqlənmədi...
- (gülür) Elədir, sürətini itirib. Ancaq əlbəttə. Süleymanovda texnika var. Nazim dahi futbolçu olub. O, təkcə "Alaniya"da yox, Rusiya futbolunda böyük iz buraxıb. Belə oyunçular indi gənclərə nümunə olmalıdır.
- Son vaxtlar Rusiya futbolu inkişafdadır. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə, onu qeyd etmək istəyirəm ki, ölkədə idmana prezidentimiz Vladimir Putin böyük diqqət göstərir. Qarşıda böyük vəzifə durur ki, sağlam həyat tərzi uğrunda mübarizə aparaq. Futbola gəlincə, əlbəttə, bu yay Rusiyada keçirilən dünya çempionatı böyük təbliğat oldu. Bu idman növünü ölkədə xeyli məşhurlaşdırdı. İndi praktiki olaraq bütün uşaq futbol məktəbləri, akademiyalar tam doludur. Çünki buraya dünya şöhtərli futbolçular, ən güclü yığma komandalar gəldilər. Gənclər onları gördü və təbii ki, hər biri sabah özünü milli komandanın heyətində görür ki, dünya və Avropa çempionatında iştirak etsinlər. Üstəlik, yığmamızn çıxışı böyük diqqət çəkdi. Rusiya millisi dünyanın ən güclü yığmaları arasında yer aldı. Bu da böyük təbliğatdır. İndi onu deyə bilərəm ki, yaxın 10 ildə yaxşı yerli oyunçular alacağıq. Bu da belə tanınmağımıza görədir. Ölkənin hər yerində akademiyalar var, 92 baza tikilib ki, onlarda gənclər futbolla məşğul olur. Azərbaycanı da belə bayramlar keçirməyi arzu edirəm.
- Rusiya çempionatında çox azərbaycanlı futbolçu çıxış edib. İndi isə yoxdur. Problem nədədir?
- "Neftçi" SSRİ çempionatlarında oynayanda, yığmalara çağırılan xeyli futbolçu var idi. Təbii ki, bu zaman rəqabət də mövcud idi. İndi isə ayrı müstəqil çempionatlardır. Avropa çempionatlarında çıxış etmələri üçün daxili çempionatınızda rəqabət olmalıdır. Bir "Qarabağ"la iş bitmir. Çempionatınızda 8 komanda çıxış edir. Bu da belə böyük ölkə, imkanları üçün azdır. Ona görə hesab edirəm ki, minimum 12-16 komanda olmalıdır. Ümumilikdə, bu istiqamətdə işləmək lazımdır. Təbii ki, futbolunuzu inkişaf etdirmək istəyirsinizsə.
- Ramil Şeydayevin çıxışı haqqında nə deyə bilərsiniz? O, Azərbaycan millisini seçəndən sonra heç də yaxşı oyun göstərmir...
- Məncə, çox perspektivli futbolçudur. Bu icarələr, bu ölkədən ora getmələr həlledici olub. Bu, bir az onu geri salıb. Digər azərbaycanlı futbolçu Ayaz Quliyev isə bizim yığmada çıxış edir. Oyunu çox xoşuma gəlir və düşünürəm ki, daha yaxşı oynayacaq.