“Heç kimin nazı ilə oynamayacağıq” - Firdovsi Umudov

Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında uğurlu çıxış etmiş sərbəst güləş üzrə yığmamız noyabrın 19-da axşam saatlarında vətənə qayıdıb.

Bu münasibətlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılama mərasimi təşkil olunub. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında mundialda 3 medal qazanan komandamızı federasiya rəsmiləri, yeniyetmə və gənc güləşçilər, eləcə də media nümayəndələri qarşılayıb. 

Daha sonra komandamızın çalışdırıcısı brifinqdə çıxış edib: “Hər bir azərbaycanlı kimi ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığmanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldır. Uşaqlar da sağ olsun ki, bütün potensiallarını ortaya qoydular. Bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Dünya çempionumuz Şamil Zubairov verdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Əli Rəhimzadənin finaldakı yapon rəqibi olimpiya mükafatçısı olsa da, onu qələbəyə kökləmişdik. O, minimal hesabla güclü rəqibinə uduzdu. Düzdür, burada hakimlərin də qeyri-obyektivliyi oldu. Murad Süleymanov isə yarımfinaladək özünü çox inamlı göstərdi. Ancaq yarımfinalda son Avropa çempionu rusiyalı Artur Nayfonovla görüşdə 4:1 öndə olsa da, sonradan inamsızlığı üzündən qələbəni əldən verdi. Ümumilikdə qazandığımız medallarla Azərbaycanın yenə idman ölkəsi olduğunu isbat edə bildik. Bu il həm gənclər, həm də U-23-lər arasında dünya çempionumuz oldu. Bütün bunlar da idmana dövlət qayğısı olduğunu bir daha göstərir.

Güləşçilərdə məsuliyyət həddən çox idi. Məsələn, ilk görüşdə Murad Süleymanov erməni güləşçisi ilə qarşılaşanda 9:0 öndə idi. Amma onda həddindən artıq məsuliyyət olduğu üçün bir gərginlik vardı və rəqibə 7 xal verdi. Düzdür, sonradan idmançımız psixoloji yöndə tapşırığımıza əməl edərək 10:7 hesabı ilə qalib gəldi. Eləcə də Şamil Zubairov finaldakı rusiyalı güləşçi ilə iki il əvvəl qarşılaşmışdı. Həmin videoya baxıb, rəqibi təhlil etmişdik. Onun qələbəsi məni hədsiz sevindirdi. O, U-23-lərin Avropa çempionluğundan sonra dünya çempionu da oldu. 

97 kq-da favoritlərdən sayılan Nurməhəmməd Hacıyev ailə problemlərinə görə son anda dünya çempionatında iştirak edə bilmədi. Gecə saatlarında ona zəng gəldi və evinə qayıtmalı oldu. Bu üzdən Rumıniyaya onsuz yola düşdük və həmin çəki dərəcəsində idmançımız olmadı.


74 kq-da mübarizə aparan İsmayıl Abdullayev də medal qazana bilərdi. Amma 1/4 finalda yerli idmançı ilə mübarizə zamanı hesab 2:2 olarkən zədələndi və görüşü yarımçıq tərk etdi. Daha sonra zədəsi onun təsəlliverici yarışa da qatılmasına imkan vermədi. Ancaq bu, qismətdir. Zədələrdən heç bir idmançı sığortalanmayıb. Buna hazır olmaq lazımdır.

Bu güləşçilərin 20-21 yaşları var. Biz hər zaman gənclərə üstünlük verməyə çalışırıq. Hörmətli federasiya rəhbərimiz Namiq müəllim də daha çox gənclərin potensialından istifadə edilməsində maraqlıdır. Hər çəkidə artıq rəqabət yaranır. Bildiyiniz kimi, artıq bizdə 65 kq-da yeniyetmələrin olimpiya çempionu var. O çəkidə bizim üçqat dünya çempionumuz Hacı Əliyev, Turan Bayramov və Əli Rəhimzadə rəqabət aparacaq. Ölkə çempionatına əsasən milliyə hansı idmançının düşməsini müəyyənləşdirəcəyik. Düzdür, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığını deyim ki, millidə heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq. Kim millidə nizam-intizama əməl etsə, həmin güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Bəziləri deyir ki, dünya çempionatına filan idmançını apar, o da iştirak etsin. Biz kiminsə xahiş, istəyi ilə hərəkət etmirik. Dünya çempionatı mötəbər turnirdir, hansısa adi beynəxalq yarış deyil”.

Dünya çempionu Şamil Zubairov (92 kq) qələbəsini belə şərh edib: “Dünya çempionatında beş görüş keçirdim. Baş məşqçim Firdovsi Umudovla qızıl medal qazanmaq üçün hər şeyi etdim. Finalda Şimali Osetiyadan olan rəqibimi məşqçilərlə birgə təhlil etdik və bu düzgün analiz nəticəsində qalib gəldim. İndi isə növbədə dekabrda keçiriləcək Azərbaycan çempionatıdır”.

Daha sonra gümüş medal qazanan Əli Rəhimzadə (65 kq) təəssüratlarını bölüşüb: “Bildiyiniz kimi, dünya çempionatında güclü rəqiblər olur. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yapon idmançısı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin verdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. İnşallah, çalışacağam ki, gələcəkdə bu gümüş medalı qızılla əvəzləyim. Mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm”.

Dünya 3-cüsü olan Murad Süleymanov (86 kq) isə çıxışı haqqında bu fikirləri səsləndirib: “İlk görüşüm erməni güləşçi ilə idi. Rəqib erməni olduğu üçün onunla güləşəndə həyəcanım vardı. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını məğlub etdim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə verib elə bu çəki ilə Olimpiadada təmsil olunum”.