Elxan Məmmədov: "Avropa Liqasının final oyununa hazırlıq işləri ilin sonuna qədər yekunlaşacaq"
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıq işləri ilin sonuna qədər yekunlaşacaq.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Milli assosiasiyanın rəsmisinin sözlərinə görə, hazırda yekun konsepsiyanın hazırlanması istiqamətdə işlər aparılır. E.Məmmədov bildirib ki, final oyunu ilə bağlı Bakıya gələn UEFA nümayəndələri müxtəlif sahələri yoxlayırlar: “Onlar dövlət strukturları ilə görüşlər keçirdirlər. Final matçı deyiləndə, söhbət yalnız stadiondan getmir. Hava limanı, yollar, nəqliyyat, otellər və digər məqamlar var. Hazırda hər şey qaydasındadır. Proses plana uyğun şəkildə davam edir. İlin sonuna qədər işlər yekunlaşmalıdır. Dövlət təşkilatları ilə birgə işləyirik və bütün sahələri əhatə edən konsepsiya təqdim edəcəyik. Təbii ki, bu işdə UEFA da bizə köməklik göstərir”.
Baş katib UEFA-nın sponsorlarının da Bakıya səfər etdiklərini və onların gələn ilin mart ayında yenidən Azərbaycana gələcəklərini söyləyib: “Sonuncu səfərdə Təşkilat Komitəsinin nümayəndələri ilə yanaşı, qurumun sponsorlarının təmsilçiləri də Bakıya gəlmişdilər. Onlar ümumi bazara baxıb, müvafiq reklam işləri görəcəklər. Bu, onların ilk səfəri idi. İkinci səfər gəlin ilin mart ayına nəzərdə tutulub. Çünki fan-zonalarada aktiv işlər aparılacaq, stadionun ərazisində əyləncə mərkəzləri yaradılacaq”.
Qeyd edək ki, Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.