Qətərdəki dünya çempionatının bəzi oyunları qonşu ölkələrdə təşkil oluna bilər
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının bəzi oyunları qonşu ölkələrdə təşkil oluna bilər.
Bu barədə "The Guardian"a müsahibəsində FIFA prezidenti Canni İnfantino məlumat verib. Ali futbol qurumunun rəhbəri bildirib ki, belə bir yenilik komanda sayı 32-dən 48-ə yüksələcəyi halda gerçəkləşəcək: "Qətərdə 8 stadion var, ölkə 32 komandalı dünya çempionatına hazırlaşır. 48 komandalı mundialı 8 stadionda təşkil etmək çox çətin olardı. Bu səbəbdən, bir sıra oyunları Qətərin hüdudlarından kənarda keçirməyin mümkünlüyü variantlarını axtarmaq lazım gələcək. Bu isə müəyyən əlavə çətinliklər yaradacaq ki, biz də onları həll etməli olacağıq".
İnfantinonun sözlərinə görə, iştirakçıların tərkibinin genişləndirilmə məsələsi açıq və səmimi ortamda müzakirə olunur: "Bu alınsa, özümü xoşbəxt hiss edəcəyəm. Əks halda, iştirakçı sayını əvvəlcədən razılaşdırmağımızdan məyus olmayacağam. İstənilən halda, çempionat əvvəlki kimi 28 gün davam edəcək".
FIFA prezidentinin fikrincə, oyunların qonşu ölkələrdə təşkili region dövlətləri arasındakı münasibətlərdə düşmənçiliyi azaltmaqda yardımçı olacaq.
Qətər Yaxın Şərqdə dünya çempionatı keçirən ilk ölkə olacaq. Daha bir yenilik mundialın qışda - 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkilidir. Hazırda 48 komandalı dünya çempionatının ilk dəfə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılır. Bu komandalar 16 qrupa bölünəcəklər və hər bir qrupdan 2-si "pley-off"a yüksələcək.
Qeyd edək ki, 2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətlərin pozulduğunu açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluğu dəstəkləməkdə və daxili işlərinə müdaxilədə ittiham ediblər. Daha sonra iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq olunub, Qətər aviasiyası üçün hava məkanı bağlanıb.