UEFA nümayəndəsi: "Azərbaycanda şübhəli oyun halları azalır" - MÜSAHİBƏ
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlinin müsahibəsi
- Ötən gün I Divizionda mübarizə aparan klubların nümayəndələrinin iştirakı ilə görüş keçirmisiniz. Bu görüşdə əsasən hansı məsələlər müzakirə edilib?
- Bu, maarifləndirici xarakterli görüş idi. Çalışdıq ki, klublara danışılmış oyunlara qarşı mübarizəmizlə bağlı məlumat verək. Mübarizəmizin məqsədlərini və hədəflərimizi onlara bildirdik, buna əngəl olan bəzi məsələləri də göstərdik, onların həlli yollarından danışdıq. Daha sonra bir neçə təqdimat keçirildi, gördüyümüz işlərlə bağlı hesabatlar verdik. Növbəti hədəflərimizlə bağlı söhbətimiz oldu. Klubların görəcəkləri işləri onlara bildirdik. Klubların daxilində maarifləndirmə işləri daha da artırılmalıdır. Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiya və Cinayət Məcəlləsinə edilən düzəlişlər görüşdə xatırladıldı. Klubların və oyunçuların hansı məsuliyyət daşıdıqlarını bildirdik. Görüşdə iştirak edən nümayəndələr də məsələləri klub daxilində hər bir oyunçuya və klub üzvlərinə bildirməlidirlər.
- Bu vəzifəyə yeni təyin olunmusunuz. Hansı məsələlər üzəridə işləyirsiniz ki, danışılmış oyunların qarşısını alasınız?
- Əsasən maarifləndirmə xarekterli tədbirlər keçiririk. AFFA-ya daxil olan materialları araşdırır və onlar üzərində işləyirik.
- Yəqin ki, UEFA-dan sizə hansısa sənədlər və məlumatlar gəlir?
- Biz UEFA ilə daim əlaqədəyik. Onlardan təkliflər, tövsiyələr və müəyyən hesabatlar alırıq.
- Daha dəqiq desək, bu mövsüm şübhəli oyunlarla bağlı məsələ nə yerdədir?
- Bu, elə bir xəstəlikdir ki, bütün dünyada yayılıb. Biz də kənarda deyilik. Bununla daim mübarizə aparmaq lazımdır. AFFA olaraq, məsələni diqqət mərkəzində saxlayırıq. Keçən mövsüm danışılmış oyunlarla bağlı müəyyən klublar xəbərdarlıq almışdılar. İntizam Komitəsinin qərarları olmuşdu və bəzi komandalar yarışlardan kənarlaşdırılmışdı. Bu da ictimaiyyətə bəllidir. Mütəmadi olaraq bunlarla bağlı iş gedir. İstəyirik ki, sağlam yarışlar keçirilsin.
- Bu il UEFA-dan hansısa oyunla bağlı məlumat almısınızmı və hansısa oyunun nəticəsi, gedişatı ilə bağlı şübhələr varmı?
- Ehtimallar var deyə biz həmişə bu işi nəzarət altında saxlayırıq. Elə məsələlər var ki, onlar tam təsdiqini tapmamış məlumat vermək olmur. Məlumatlar daxil olur və biz də həmin istiqamətdə işlər aparırıq. Hazırda da müəyyən araşdırmalar getdiyindən, bu məsələ haqda dəqiq danışa bilmərəm.
- Şübhəli oyunlarla bağlı azalma müşahidə olunur?
- Bəli, belə hallar azalmağa doğru gedir. Gedişatın yaxşıya doğru getdiyini deyə bilərəm.
- Bəs Premyer Liqada belə oyunlar varmı?
- Hazırda iş getdiyindən, dolğun cavab verə bilməyəcəyəm.
- Ötən mövsüm futboldan kənarlaşdırılmış Nizami Hacıyev və Mirhüseyn Seyidovun günahsız olduqlarının sübuta yetirildiyi və yaxın vaxtlarda onların futbola qayıdacaqlarına dair məlumatlar var. Bu haqda nə deyə bilərsiniz?
- Təəssüf ki, bu haqda heç bir məlumatım yoxdur. (Report)