AFFA Azərbaycan millisinin ev oyununun səfərdə keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib
Bakı Olimpiya Stadionu (BOS) 2019-cu ilin mart ayından etibarən digər tədbirlər üçün qapanacaq.
Bu, gələn il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi ilə əlaqədardır. UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar həmin qarşılaşmayadək BOS-da heç bir matç təşkil olunmayacaq.
2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən, 2019-cu ilin mart - may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.