Çingiz Hüseynzadə Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyasında iştirak edəcək
Yaponiyanın paytaxtı Tokioda 25 noyabrdan 1 dekabradək Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) 13-cü Baş Assambleyası keçiriləcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən verilən məlumata görə, iclasda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Komitənin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov, Marketinq İdarəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.
Assambleya çərçivəsində 26-27 noyabr tarixlərində MOKA-nın Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr və Tibbi Komissiyalarının iclasları keçiriləcək və məruzə çıxışları dinləniləcək. Həmçinin Gənclərin komissiyasının və MOKA İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır.
28 noyabrdan etibarən MOKA-nın 13-cü Baş Assambleyası öz işinə başlayacaq. Əlavə olaraq, Tokio 2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlıq Assableya iştirakçıları üçün nəzərdə tutulub. Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.