"Sumqayıt"ın prezidenti: "Əlimizdən gələni edəcəyik ki, "Neftçi”yə qalib gələk"
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Topaz Premyer Liqasının XIII turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.
Klub rəhbəri öncə oyun barədə fikirlərini bölüşüb:
"Hər məşqçinin oyun planı, sistemi və cizgiləri var. Ən əsası odur ki, komanda bu gün 3 xalı qazandı. "Kapital Bank Arena”dan 6 aydan çox idiki, istifadə edə bilmirdik. Ən əsası odur ki, doğma şəhərimizdəki ilk oyunumuzda 3 xal qazandıq. İnanıram ki, ardı da gələcək".
- Ayxan Abbasovun gəlişindən sonra komandanın oyunundakı dəyişikliklər hiss olunur. Bu klub prezidentini qane edirmi?
- Əlbəttə. 3 xal olanda klub prezidenti həmişə sevinir. Mənim fikrimcə, "Sumqayıt” hər zaman gözəl və baxımlı futbol oynayıb. Bu bizim prinsiplərimizdən biridir. İnanıram ki, hər zaman baxımlı futbol oynayıb, qalib gələcəyik. Qalib gəlməyimiz önəmlidir.
- "Sumqayıt” azarkeşləri uzun illərdir, komandanın avrokuboklarda iştirak etməsini gözləyir. Bu mövsüm onu reallaşdırmaq üçün nələr var və nələr çatışmır?
- "Sumqayıt” azarkeşinin onu istəməyə və tələb etməyə haqqı var. Çünki komanda neçə mövsümdür ki, bu hədəfə yaxınlaşır. Son oyunlarda isə nəsə alınmır. Amma çalışacağıq və əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsınız. Flaqmanı dayandıran tapılmır. Onları dayandıra biləcəksinizmi?
- "Neftçi” gözəl futbol sərgiləyir. Buna söz ola bilməz. Bütün komandalara və "Neftçi”yə də uğurlar arzu edirəm. Əlimizdən, ayağımızdan gələni edəcəyik ki, "Neftçi” ilə matçda qalib gələk.
- "Neftçi” ilə matça görə xüsusi mükafat olacaqmı?
- Bunu oyundan sonra danışarıq. Hələ ki, nəticənin necə olacağını bilmirik.
- Oyundan öncə motivasiya olacaq?
- Futbolçular maliyyəyə görə oynamamalıdırlar. Onlar "Sumqayıt”a, azarkeşlərə və özlərinə görə oynamalıdırlar. Pula görə yox.
- Ehtimal olunur ki, kubokda da "Neftçi”yə rəqib ola bilərsiniz...
- Bu reallaşsa, 3 oyun ardıcıl bu komandaya qarşı oynayacağıq. Çətin olacaq. Heyətimiz elə də böyük deyil. Hər şeyi zaman göstərəcək.
- Avrokuboka vəsiqə üçün çempionatı, yoxsa kuboku əsas məqsəd olaraq seçəcəksiniz?
- "Sumqayıt” üçün hər ikisi vacibdir. Nə qədər mümkündürsə, o qədər də irəli getmək istəyirik.
- Amma komanda ötən mövsüm hər ikisi üçün cəhd etdi və gücü çatmadı…
- Futboldur. Hər zaman istədiklərimiz reallaşmır. Ötən mövsümkü səhvləri analiz etməli və hazırkı matçları qələbə ilə başa vurmalıyıq. Öz səhvlərimizin üzərində öyrənib, irəli getməliyik.
- Ən yaxın yolu seçməlisiniz?
- Baş məşqçi bunu daha yaxşı bilir. Ondan soruşsanız, o sizə cavab verər. Bizim heyətimiz elə də böyük deyil. Amma hər ikisində də mübarizə aparmalıyıq.
- Bəzi məlumatlara görə, artıq komandaya yeni futbolçular cəlb etmək üçün çalışmalara başlamısınız. Onlar kollektivə nə vaxt qoşulacaqlar?
- Hazırda 2-3 futbolçu ilə danışıq aparırıq. Hər üçü Azərbaycanda oynamır. Azərbaycanlıdırlar, amma ölkə xaricində çıxış edirlər. Alınsa, onları komandaya cəlb edəcəyik.