AFFA-nın baş katibi UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyini verməməsinin səbəbini açıqlayıb
“AFFA olaraq bu dəfə namizədliyimi irəli sürmədik. Özüm də fikirləşdim ki, 2019-cu il Avropa Liqasının final və AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakıda keçiriləcəyi üçün vaxt baxımından çatdırmayacağam”.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyini verməməsinin səbəbi haqqında danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, növbəti iki ildə təşkilati işlərlə məşğul olacaq: “Hər iki yarış Azərbaycan üçün önəmli tədbirdir. Prezident İlham Əliyevin sərəncamına əsasən, Təşkilat Komitəsi yaradılıb. Ona görə də növbəti ildə fasilə verməyi qərara aldıq. Hazırda UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyunlar Komitəsində vitse-prezidentəm. İcraiyyə Komitəsinə seçilsəydim, orada daha fəal iştirak etməyim lazım idi. Yəni hər rübdə minimum 2 görüş keçirilir və hansısa sahə tapşırılır. Bütün diqqətimizi 2019 və 2020-ci illərdə Bakıda təşkil ediləcək UEFA-nın mötəbər yarışlarına yönəldəcəyik”.
Qeyd edək ki, bu gün 2019 - 2023-cü illər üçün UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər açıqlanıb. Qadın üzvlüyə namizəd kimi fransalı Arduen Florans təkrar seçilmək üçün müraciət edib. Fernandu Qomeş (Portuqaliya), Borislav Mixaylov (Bolqarıstan), Şandor Çanyi (Macarıstan) və Davor Şuker də (Xorvatiya) növbəti dəfə qurumda təmsil olunmaq niyyətindədirlər. Həmçinin Elvedin Begiç (Bosniya və Herseqovina), Kayrat Boranbayev (Qazaxıstan), Armand Duka (Albaniya), Yesper Meller-Kristensen (Danimarka), Andrey Pavelko (Ukrayna) və Luis Rubiales (İspaniya) də namizədliklərini irəli sürüblər.
İcraiyyə Komitəsinə seçkilər 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada nəzərdə tutulan UEFA Konqresində keçiriləcək.
E.Məmmədov ötən ilin aprelində UEFA İcraiyyə Komitəsinə namizədliyini irəli sürsə də, seçilməyib.