Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Könüllülük proqramına start verilir
Bakıda keçiriləcək 2019-cu il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Könüllülük proqramına start verilir.
Bununla əlaqədar ilk tədbir bu gün Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla başlanacaq. Ümumilikdə 25 dekabradək 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük proqramının təqdimatı təşkil olunacaq.
"Avropa Liqası Final 2019”un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.
Könüllü olmaq istəyən şəxslər ilkin olaraq, gələn il yanvarın 31-dək https://finalbaku2019.az/volunteers linkinə daxil olaraq müraciət ərizəsini doldurmalıdır.
Ərizə formasını doldurmuş şəxsləri 6 yanvar – 28 fevralda “Avropa Liqası Final 2019”un Könüllü komandası müsahibəyə dəvət edəcək. Seçiləcək könüllülər üçün aprelin 1-dən təlimlərə start veriləcək. 1 ay müddətini əhatə edəcək təlimlərdən sonra könüllülər final oyununun təşkili ilə bağlı müvafiq şöbələrdə fəaliyyətə başlayacaqlar.
Könüllülük proqramına qoşuılmaq üçün yalnız Azərbaycandan deyil, digər ölkələrdən də müraciətlər qəbul olunur.