İlham Əliyev Ağasəlim Mircavadovu mükafatlandırdı
“Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək”. Bu sözləri ölkə prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.
O qeyd edib ki, bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil:
“Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb”.
Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara, idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında futbol mütəxəssisi Ağasəlim Mircavadov da olub.
Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.