Araz Abdullayev: "Legionerlərin gəlişi "Qarabağ" üçün xeyirli olacaq"

"Rəqib evdə çox yaxşı oynayan komandadır. Bizi çətin görüşün gözlədiyini bilirdik. İlk yarıda 0:1 hesabı ilə geri düşməyimizə baxmayaraq, motivasiyamızı itirmədik və fasilədən sonra qol vurmağı bacardıq. Turun keçən tərəf olduğumuz üçün şadıq".

Bunu "Qarabağ"ın futbolçusu Araz Abdullayev səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündənsonra jurnalistlərə açıqlamasında deyib.

Hücumameylli yarımmüdafiəçi digər sualları da cavablandırıb...

İlk yarıda istənilən səviyyədə çıxış etməməyiniz nə ilə əlaqədar idi: Ot örtüyünün vəziyyəti öz sözünü deyirdi?

- Elə deməzdim. Əksinə, ilk qolu biz vurmaq istəyirdik ki, ikinci hissədə daha rahat oynayaq. Lakin bu, futboldur. İlk qolu biz buraxsaq da, ikinci hissədə lazımi qolu vura bildik.

Yarımfinalda rəqibiniz "Qəbələ" olacaq. Buna erkən final demək olar?

- Buna erkən final deməzdim. Kubok oyunlarında komandalar daha fərqli çıxış edirlər. "Keşlə" ilə oyunumuz çox ağır alındı. Yarımfinalda hər bir komanda var gücünü qoyacaq ki, finala yüksəlsin. Çalışacağıq ki, finala adlayan tərəf biz olaq.

Reynaldoya qarşı "Neftçi"də ikən çox oynamısan. O, "Qarabağ"a xeyir verə biləcəkmi? Dani Kintananın da sağalmasından sonra heyətə düşməyinin çətinləşəcəyini fikirləşmisən?

- Bu, yalnız komandamıza xeyirli ola bilər. Yalnız klubumuzun uğurunu fikirləşməliyik. Nə qədər oynasam belə, komandama xeyir vermək istəyirəm. Legionerlərin də gəlişi bizim üçün yaxşıdır. Çünki onlar "Qarabağ"a faydalı olacaqlar.

Əvvəlki səviyyədə çıxış edə biləcəkmi?

- Onu zaman göstərəcək. Daha yaxşı oynayaraq qollarını sıralamasını istərdik ki, komandaya xeyir versin.

Qış fasiləsindən sonra "Neftçi"ni keçərək liderliyə yüksəlməyiniz nə dərəcədə realdır?

- Bütün oyunlarda yaxşı oyun və motivasiya ilə 3 xal qazanmaq istəyirik. Hamı bizdən bunu gözləyir və biz də hər oyunda qələbə əldə etməyə çalışırıq.