Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey açılacaq
Dekabrın 22-də Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey açılacaq.
Azarkeşlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq “Avropa Liqası muzeyi” 3 hissədən ibarət olacaq. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar.
Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək. Bu isə sərgidə iştirak edən hər kəsin Köhnə Qitənin ən nüfuzlu klub turnirlərindən biri olan Avropa Liqasının keçmişinə səyahət etməsinə, həmin illərin ab-havasını yenidən yaşamasına səbəb olacaq.
Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışmalarda iştirak etmək imkanı təklif ediləcək. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçular ilə yaxından tanış ola, onlardan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Muzey yanvarın 7-dək hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.Muzeyə giriş ödənişsizdir.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.