Samir Abasov: "Daxili bazarda hücumçu nə gəzir?"
“Zirə” klubu qış fasiləsində legioner hücumçu transfer etmək istəyir.
Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib. 40 yaşlı mütəxəssis bildirib ki, hazırda bir neçə variantı gözdən keçirirlər: “Açığı, “heç kimi tapa bilmirəm, heç olmasa bunu götürüm” formasında oyunçu istəmirəm. Hazırda 2-3 variant var. Onların üstündə duracaq, birini gətirməyə çalışacağıq. Lakin hər şey bizdən asılı deyil. Bura gəlmək istəməyə də bilərlər. Söhbət xarici klublarda çıxış edənlərdən gedir. Daxili bazarda hücumçu nə gəzir?"
"Zirə" Abasovun gəlişinədək hücumçuları əsasən Afrika ölkələrindən transfer edib. Yeni baş məşqçi isə bu məsələdə heç bir fərq qoymayacaqlarını açıqlayıb: "Oyunçunun rənginə baxmayacağıq. Əsas odur ki, komandamıza uyğun gəlsin. İstədiklərimizin hələlik gəlməmələri planlarımızın uzanmasına səbəb olur. Qarşıda duran əsas məsələ oyunçu götürməkdir. Yenilər gəldikcə, yəqin ki, gedən də olacaq. Amma oyunçu götürə bilməməyimiz planlarımız pozur. Bu işlə məşğul olanları başa düşürəm. Bu dəqiqə kompüter arxasında oturublar, danışıqlar davam edir”.
S.Abasov “Zirə”nin mərkəz müdafiəçisi Adil Nağıyevin “Sumqayıt”da rəhbərliyi altında eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadə ilə dəyişdirilməsi məsələsinə də toxunub. Baş məşqçi bu istiqəmətdə danışıqların davam etdiyini vurğulayıb: “Adil Nağıyevin “Zirə”dən gedişi gündəmdədir. Bununla əlaqədar danışıqları gedir. Onun xidmətində maraqlı olan klublar var, özü də getməklə bağlı bizə müraciət edib. Getsə, yerinə başqa mərkəz müdafiəçisi lazım olacaq. İndi yerli oyunçu tapmaq çətindir. Danışıqlar "biz kimisə veririksə, kimisə götürə bilək" yönündə gedir. Bu söhbətləri uzatmaq istəmirik. Məsələlər 10 dəqiqəyə də həllini tapa bilər, bir neçə günə də. Nağıyevin getdiyi klub özümüzə də maraqlıdır. Çünki biz də bu gedişdən nə əldə edə biləcəyimizə baxırıq. Onun “Sumqayıt”ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə dəyişdirilməsi mümkündür. Danışıqlar gedir”.
Gənc mütəxəssis komandanın qapıçıları, eyni zamanda kapitan və vitse-kapitanları - Anar Nəzirovun “Neftçi”yə, Kamal Bayramovun isə “Sumqayıt”a getmək istəmələri ilə bağlı iddialara da münasibət bildirib: “Qapıçı məsələsini ordan-burdan eşidirəm. Bununla bağlı qeyri-müəyyənlik var. Bizə rəsmi müraciət edən olmayıb”.
“Zirə” Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. “Qartallar”ın yanvarın 15-də Qazaxıstan Super Liqasında çıxış edən “Taraz”, yanvarın 18-də Rumıniya Liqasında yer alan “Konkordiya” ilə qarşılaşacağı dəqiqləşib. S.Abbasovun sözlərinə görə, digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək: “Yanvarın 5-də Bakıda bir araya gələcəyik. Paytaxtda yoxlama oyunu keçirməyi düşünmürük. 12 - 27 yanvarda Türkiyədə olacağıq. Artıq “Taraz” və “Konkordiya” ilə qarşılaşacağımız dəqiqləşib. Digər iki rəqib üçün isə danışıq gedir”.