Bəs kişilərimiz hanı? - YAZI
Tokio Olimpiya Oyunlarına təxminən ilyarım vaxt qalıb. Həmişə olduğu kimi
azərbaycanlı idman sevərlər yenə olimpiadada güləşçilərimizin daha çox medal
qazanacaqlarına ümid edirlər. Bəs reallıqda güləşimizin hazırki vəziyyəti gözlənilən ümidləri
doğrulda biləcək gücündədirmi?
İxtisasca sərbəst güləşçi olduğumdan sərbəstləri analiz etmək istəyirəm. Düşünürəm ki, sərbəst güləşimiz eniş dövrü yaşayır. Bunu deməyə kifayət qədər əsas var. Çox uzağa getməyək. Təxminən iki ay öncə başa çatan dünya çempionatı bunu deməyə əsas verir.
Sərbəstlərin mübarizəsində 10 çəkidə mübarizə aparan bahadırlarımızdan 9-u medalsız qaldı. Yalnız komandanın kapitanı,Cəbrayıl Həsənov gümüş medal qazandı (79 kq). Hələ nəzərə alsaq ki, olimpiadada cəmi 6 çəki olacaq və rəqabətin iki dəfə artacağı qaçılmazdı. Əgər 10 çəkidə dünyanın ən güclüləri arasında cəmi 1 medal qazanırıqsa, 6 çəkidə uğur qazanmaq daha da çətin olacaq.
Düzdür, mundial ilə olimpiada fərqli yarışlar olsa da bu, yenə bizə haqq qazandırmır. Əksinə, olimpiadada iştirak etmək üçün hələ lisenziya qazanmaq lazımdır. Bunun özü də əlavə bir problem olacaq. Zənnimcə bu gedişlə 6 çəkinin hamısında lisenziya qazanmaq da real görünmür.
Bu çəkilərdən biri 125 kq ola bilər. Son mundialda Taha Akgül kimi idmançının bu çəkidə
mükafatsız qaldığını görəndə bu ay keçirilmiş Azərbaycan çempionatında iştirak edən 125-lərimizin hazırki durumu indidən proqnoz verməyə əsas verir.
Düzdür, gənclər arasında Avropa 3-cüsü və son Azərbaycan çempionatında gümüş medal qazanmış "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin yetirməsi Rahid Həmidlinin gələcək potensialı var. Amma etiraf etmək lazımdır
ki, Rahidin hazırki fiziki göstəriciləri və təcrübəsi böyüklər arasında uğur qazanmağa yaxın deyil.
Azərbaycan çempionatından söz düşmüşkən, güləş sevərlər bu ay keçirilən Azərbaycan çempionatının səviyyəsinin çox aşağı olduğundan narazılıq edirdilər. Çempionatda mübarizə aparanların əksəriyyəti gənclər idi. Hətta yeniyetmə dövrünün son illərini keçirən 17 yaşlı güləşçilərimiz də kişilərin yarışında mübarizə aparırdılar. Bu bir
tərəfdən yaxşı hal hesab edilə bilər. Çünki perspektivli gənclərimiz bizim gələcək olimpiyaçılarımız ola bilər. Amma bu, o demək deyil ki, kişilərin mübarizəsində onların sayı çox olmalıdır. Sual oluna bilər ki, bəs kişilərimiz hanı? Bu sualın çox cavabı var. Bəli, bizim ölkədə 18 yaşı tamam olmuş perspektivli idmançıların demək olar əksəriyyətinin karyerası başa çatır. Demək nə qədər acı və xoşagəlməz olsa da məlum məsələdir ki, peşəkar idmanla çox məşğul olan adam təhsilə çox vaxt ayıra bilmir və bunun nəticəsində ali məktəbə daxil olmaq üçün həmin idmançı yüksək bal toplamaqda çətinlik çəkir. Ona görə də idmançı əsas parlayan keçid dövründə hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra isə nadir hallarda idmançı karyerasını davam etdirir. O da ki, alına ya alınmaya.
Bir daha vurğulamaq istəyirəm ki, elə sonuncu çempionatda mübarizə aparan kişi idmançılarımızdan elələri də var idi ki,mühafizədə, ticarətdə, müxtəlif dövlət orqanlarında və sair yerlərdə işləyə - işləyə yarışa çıxmışdılar. Yəni şəxsən mən belələrini çox tanıdığım üçün onların yalnız yarış qabağı 10-15 gün məşq edib çempionata qatıldığının şahidiyəm. Ona görə də görüşlərin əksəriyyətinin tempi çox aşağı olmaqla yanaşı maraqsız,həyacansız keçirdi. Güclü idmançılar onlardan açıq-aşkar aşağı səviyyədə olan rəqiblərini böyük hesabla məğlub edirdilər. Gözəllik deyilən baxımlı görüşlər az oldu. Düzdür, bəzi görüşlər adama az da olsa zövq verdi. Bunu da biz güləşçi olduğumuzdan anlayırıq. Amma güləşdən kənar adamlara texniki fəndlərin az olduğu görüşlər, xüsusilə də minimal hesabla nəticələnən görüşlər çox yorucu gəlir. Elə buna misal 65 kq çəki dərəcəsinin finalını göstərmək olar. Hamı böyük həvəslə,həyacanla bu çəkidə mübarizə aparan idmançılarımızın final görüşünü səbrsizliklə gözləyirdi. Amma yeniyetmələrin Olimpiya,dünya,Avropa çempionu Turan Bayramovla gənclərin Avropa çempionu Əli Rəhimzadənin final görüşü gözlənildiyi kimi göz oxşayan görüş olmadı.
Elə keçmiş baş məşqçi Firdovsi Umudov da müsahibələrin birində bu idmançıların parlaq
gələcəyindən ağız dolusu danışaraq onların üç qat dünya çempionu,Olimpiya mükafatçısı
Hacı Əliyevə layiqli rəqib olacaqlarını vurğulamışdı. Amma bu idmançıların final görüşü onu
göstərdi ki, hələ onlar ustalıq səviyyəsinə çata bilməyiblər. Minimal hesab bunu deməyə
əsas verir(2:1). Bu idmançıların Hacı Əliyev səviyyəsinə gəlməyinə hələ çox vaxt var.
Doğrudur, onların buna yetərincə potensialı var. Amma bir şeyi unutmayaq ki, bizdə
yeniyetmə və gənclərdə parlaq nəticə göstərən idmançılar böyüklərdə çox vaxt uğur qazana
bilməyib. Hətta elələri də olub ki, heç böyüklərə gəlib çatmayıb. Ən yüngül çəkidə isə
Olimpiya çempionu, AGF nin vitse - prezidenti Namiq Abdullayev karyerasını başa
vurduqdan sonra hələ də yüksək nailiyyətlər əldə edə bilmirik.
Təsadüfi deyil ki, bu çəkidə 2012 London Olimpiya Oyunlarına lisenziya belə qazana bilmədik. 2016-da isə Hacı Əliyevin "sok"unu çıxarıb bürünc medal qazandıq. İndi kimin "sok"unu çıxaracıq?
İstəsək də alınmayacaq.
Keçmiş qaydalarla müqayisədə yarış çəki günü başlayır. Giorgi
Edişeraşvili usta idmançı sayılsa da yaşının çoxluğundan orqanizminin sözünə baxacağı da
inandırıcı deyil. Hələ üstəlik 2020 də biraz da yaşlanacaq.
Əlbəttə ki, “bico” ilk öncə bu çəkidə son Azərbaycan çempionu olan Mahir Əmiraslanov səddini aşmalıdır. Həm də
legioner idmançımızın son Azərbaycan çempionatında da iştirak etməməsi müammalı qaldı.
Üstəlik 125 kq-dakı millimizin üzvi Cəmaləddin Maqamedov da nədənsə çempionata
qatılmadı.
Gəzən şayiələrə görə ən ağır çəkili pəhləvan yenidən Rusiya millisinin şərəfini
qorumaq istəyir. Ümumiyyətlə Azərbaycan çempionatında bəzi xoşagəlməz hadisələr baş
verdi. Bunlardan ən xoşagəlməzi 86 kq da 3-cü lük uğrunda mübarizə aparan Qazax
rayonunun idmançısı Kənan Əliyevin rəqibi İslam İlyasova şillə vurması oldu.
Maraqlıdır, görüşü idarə edən hakim nədənsə Kənana qırmızı vərəqə göstərmədi. Düzdür,
Kənan yarışdan uzaqlaşdırıldı. Amma xalça hakimi anında öz qərarını verməli idi. Heç
İslama da rəsmi xəbərdarlıq kimi sarı vərəqə göstərilmədi. Demək ki,çempionatda hakimlikdə də problemlər yaşandı. Daha bir müəmmalı qalan
məqam isə 74 kq da finala vəsiqə qazanan “Atasport” klubunun şərəfini qoruyan
legioner idmançımız Hacımurad Ömərovun xalçaya çıxmaması oldu. Guya onun zədəli
olduğu bildirildi. Halbu ki, o, finala qədər bütün görüşlərini rahat qələbə ilə başa vurmuşdu.
Böyük ehtimalla finalda da o, 18 yaşlı rəqibini yenib çempion olacaqdı. Birdən-birə finala
çıxmaqdan niyə imtina etməyi bilinmədi. Deyilənə görə bu qərarı millimizin məşqçisi Zəlimxan
Hüseynov verib. Çünkü texniki qələbə ilə çempion olan daha bir “Atasport” təmsilçisi legioner
idmançı Hacımurad Hacıyev Zəlimxanın yetirməsidir.
Bundan da önəmli olan məqam o idi ki, çempion olan idmançı iki ay qabaq keçirilən böyüklərin dünya çempionatında ümidləri doğrultmadığından onun çempion olması bu uğursuzluğa don geyindirmək ola bilərdi.
Düzdür, Hacımurad gənclərin dünya çempionu olduğu üçün məşqçilər onu böyüklərin dünya
çempionatında da sınamaq qərarına gəldilər. Baxmayaraq ki, 70 kq çəki dərəcəsində heç də
pis formada olmayan təcrübəli yerli idmançımız Ağahüseyn Mustafayev də mundialda öz
qüvvəsini sınaya bılərdi.
Yeri gəlmişkən Ağahüseyn Mustafayev bu ay keçirilən Azərbaycan
çempionatında yüksək əzmkarlıq göstərərək çempion adını qazandı. Mustafayev bu
çempionluqla bəlkə də öz aləmində sübut etdi ki, o, mundialda çıxış edib məğlub olsaydı belə ən azı yerli idmançı
kimi təmsil olunardı. Ümumiyyətlə millidə hər nə qədər ictimaiyyətə sirli qalsa da heyətlə
bağlı yerli və gəlmə idmançılar arasında tam ədalətli şəffav seçimin olmaması bəzi
məqamlarda hiss olunur. Bu orta çəkilərdə daha çox hiss olunur. Hazırda 74 kq da gərgin
rəqabət gedir. 70 kq çəkidə sonuncu Dünya Kubokunda bütün rəqiblərini yenən Coşqun Əzimov da artıq bu çəkidə rəqabətə girişib. Coşqun sanki gəlmə idmançıların mühasirəsinə düşüb döyüşür və pis də döyüşmür. O elə son Azərbaycan çempionatında çempion olmuş dmançı ilə görüşdə öndə olmasına baxmayaraq yalnız son saniyələrdə qələbəni əldən verdi. Amma buna baxmayaraq Əzimov 3-lük uğrunda daha bir güclü legioner idmançını
sıradan çıxarmağı bacardı.
Hələ 74 kq çəki dərəcəsində rəqabət bununla bitmir. Olimpiya
çempionumuz Toğrul Əsgərovun da yenidən xalçaya qayıdıb 3-cü dəfə olimpiadada uğur
qazanmaq fikrindədir. Bundan əlavə deyilənlərə görə Cəbrayıl Həsənovun da yenidən öz
doğma Olimpiya çəkisinə qayıdıb Toğrul kimi 3-cü dəfə Olimpiya Oyunlarında qüvvəsini
sınamaq istəyir. Doğrudur, bu kapitan üçün biraz real görünmür. Buna onun ustalıq səviyyəsi
çatsa da çəkisinin çoxluğu imkan verməyə bilər. Yəqin ki, Həsənovun orqanizmi sözünə
baxmasa, 86 kq çəkiyə baş vuracaq. Ən azı olimpiada rəqabətindən çəkilməyəcəyini demək
olar.
Legioner idmançılarla rəqabətdə Coşqun və digər idmançılarımız eyni zamanda
legioner məşqçilərin də obyektiv qərarlar vermələri üçün gözə girməyə çalışmalıdırlar. Amma
yeni baş məşqçi dəyişikliyi yerli idmançıların aqibətini biraz da çətinə salmalı olacaq. Bir
misal var:”səni çox istəyirəm,özümü sənnən də çox”. Hazırda isə millidə gəlmə məşqçilərdən
Zəlimxan Hüseynov kifayət qədər söz sahibi və nüfuzu olan məşqçidir. Olsun. Biz kiminsə
şəxsiyyətini araşdırmaq fikrində deyilik. Bəlkə də O, insan kimi çox yaxşı insandır. Elə
məşqçi kimi də pis məşqçi deyil. İdmançı kimi də beynəlxalq miqyasda öz sözünü deyib.
Amma, milli anlamı çox geniş bir mövzunu əhatə edir. Yəni 10 milyona yaxın bir ölkənin özü
də zəngin güləş ənənəsinə malik güləş ölkəsinin başında məşqçi işləmək məsuliyyət,
vicdan,ədaləti,milli mənsubiyyət, milli təəssübkeşliyi və sair milli maraqları olmalıdır. Yeri
gəlmişkən,millimizin yeni baş məşqçi dəyişikliyinə də toxunmaq istərdim. Macarıstanın
paytaxtı Budapeştdə son illərin ən zəif nəticəsini göstərmiş millimizin baş məşqçisi Firdovsi
Umudovun yerinə gənclərdən ibarət millimizin baş məşqçisi Saypulla Apsaidov gətirildi. Bu
qərar güləş sevərlər tərəfindən bir mənalı qarşılanmadı. Onsuz da legionerlərin ölkəmizə
axınını xoşlamayan güləş sevərlər yenidən başlarını bullamağa başladı. Həqiqətən də
narazılıq edənlərin əksəriyyəti haqlıdır. Axı dəyişən nə oldu? Yalnız Firdovsi Umudov. Heç
olmasa Firdovsi müəllim idmançılarımızın qələbəsindən sonra üç rəngli bayrağımıza
bürünüb xalçada dövrə vururdu. Bundan sonra Absaidovmu bayraqla xalçanı dövrə
vuracaq? Ya Azərbaycanın milli atributlarını özündə əks etdirən idman geyimini göbəyindən
aşağı dalına bağlayıb yarış salonlarında gəzən Zəlimxan Hüseynov? Əvvala hər hansı bir
baş məşqçi postundan gedirsə,onunla çalışan bütün məşqçilər istefaya getməlidirlər. Çünki
uğursuzluqda baş məşqçiylə bərabər onların da payı var. Düzdür, bu yazılmamış qanundur.
Amma burda özünə hörmət etmək məsələsi və bir peşəkarlıq nümunəsi var. Amma
göründüyü kimi Zəlimxan Hüseynov öz postunda qalır.İndidən heç nəyin yaxşılığa doğru
sürətlə dəyişəcəyini söyləmək olmaz. “Həsən keçəl,keçəl Həsən”. Guya yeni baş məşqçi
milliyə yad isimdir? Onsuz da Absaidov uzun illərdir ki,Firdovsi Umudovun baş məşqçisi
olduğu millidə məşq proseslərində yaxından iştirak edir, məşqlərin aparılmasında əsas
məşqçi kimi fəaliyyət göstərirdi. Demək ki, O da bilavasitə son dünya çempionatındakı
uğursuzluğa şərikdir.Hətta bir neçə il bundan əvvəl Saipulla Absaidov baş məşqçi kimi də
fəaliyyət göstərib və məhz uğursuzluğa görə vəzifəsindən azad edilib. Bəs indi görəsən O,
hansı keyfiyyətlərinə görə yenidən bu posta təyin olunub? Düzdür, Absaidov təcrübəli və
bilikli məşqçi olmaqla yanaşlı həm də bir centlmen insandır. Amma elə detallar var
ki,məşqçinin iradəsindən asılı deyil. Həm də millidə hər məşqçi uğur qazana bilməyir. Biraz
Haşiyədən kənara çıxıb xatırlamaq olar ki, “Qarabağ” futbol klubuna Avropada uğur qazandırmış
Qurban Qurbanov təcrübəli və bilikli məşqçi kimi milliyə baş məşqçi gətirildi və O, millidə öz potensialını tam ortaya qoya bilməyərək uğursuzluğa düçar oldu. Elə həmin özünə hörmət edən məşqçi və məşqçiləri hamısı millidən istefa verdilər. Millidə həmişə təzyiq olur. Çalışdığın idmançılar hamısı usta sayılır. Yəni ən azı ustaların ustalıq səviyyəsini artırmaq boyuna düşən əsas vəzifələrdəndir. Bir də həm ictimaiyyət,həm də özüm üçün də maraqlı
olan odur ki, niyə indiyə qədər baş məşqçi postunda çalışmayan təcrübəli yerli məşqçilərə
şans verilməyib? Arif Abdullayev, Nazim Əlicanov,Rövşən Umudov,Rövşən Hacıyev,
Əsgərxan Novruzov kimi yerli mütəxəssislərə görəsən nə vaxt şans veriləcək? Özü də adları
sadalanan məşqçilər yeniyetmə və gənclər yığmasında kifayət qədər uğur qazanıblar. Yox
əgər baş məşqçi mütləq legioner olacağıydısa məncə ən ideal variant millimizin keçmiş üzvü
hazırda isə Osetiyada baş məşqçi işləyən Xetaq Qazyumov olmalı idi. Xetaq həm
Azərbaycan güləşinə yaxşı bələd olan həm də güləşi bilən mütəxəssisdir. İki qat Olimpiya
mükafatçımız həm də millidə kapitan kimi böyük nüfuza malik idmançı olub. Xetaq tək-tük
legioner idmançılarımızdan olub ki, hamı onu sevib. O çox nizam-intizamlı idmançı olmaqla
bərabər yüksək insani keyfiyyətlərə malik olub. Bəlkə də O milliyə yeni ab-hava gətirə bilərdi.
Təbii ki, əgər razı olsaydı. Yenə təkrar etmək istəyirəm ki,heç nəyin yaxşılığa doğru sürətlə
dəyişəcəyi gözlənilmir. Necə deyərlər : ” fərdlərin yeri dəyişsə də toplananların yeri dəyişmir”.
Problemin kökü əslində tam başqa amillərdən ibarətdir. Güləş ölkəsi kimi tanınan
Azərbaycanın paytaxtı Bakı şəhərində bir dənə də olsun ki, ayrıca “güləş evi” yoxdur. Hətta
güləş məşqləri üçün əlverişli zallar da çox azdır. Bununla belə son illərdə məhz güləş evi
kimi tanınan iki əlverişli zal sökülərək yerində göydələn tikildi. Bunlardan biri Yasamal rayonu
ərazisində yerləşən keçmiş “Dinamo” İdman Cəmiyyətinə məxsus olan “güləş evi”i, digəri isə
Nərimanov rayonunda yerləşən “Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin güləş bazası idi.
“lokomotiv” İdman Sağlamlıq Mərkəzinin ümumiyyətlə ləğv olunması əlavə bir dərd oldu.
Özüm də “Lokomotiv” İSM-in sərbəst güləş üzrə baş məşqçisi olduğumdan indiyə qədər
işsizəm. Hazırda isə Türkiyəli bir iş adamının himayəsi ilə qardaş ölkədə məşqçiliklə başımı qatıb həm sənətimi davam etdirir,həm də çörək pulu qazanıram.Etiraf etmək lazımdır ki, ölkəmizin çox yerlərində yeni idman qurğuları salınır və bu
istiqamətdə həm Dövlət,həm də Dövlət Başçısı Cənab İlham Əliyev tərəfindən diqqət və
qayğı göstərilir. Şəhərimizin günü-gündən gözəlləşməsi hər bir vətəndaş kimi bizi də
sevindirir. Amma heç olmasa ləğv edilən zalların əvəzinə şəhərin münasib yerlərində əlverişli
güləş zalları salınsın.
Məşqçilərin əksəriyyəti kirayələnmiş özəl zallarda fəaliyyət göstərir. Bilmirlər zalın kirayə
haqqını ödəsinlər, bilmirlər ailəyə çörək pulu qazansınlar, bilmirlər ki, gələcəyin
çempionlarını yetişdirsinlər. Özü də paytaxda cəmi bir neçə zal var ki, güləş standartlarına
uyğun gəlir. Əksər güləş məşqləri beton dirəkli zallarda aparılır ki, bu da 12 metr eni,12 metr
uzunu olmalı olan güləş xalçasının zala yerləşməsinə maneçilik edir və idmançıların məşq
imkanlarını potensiallarını məhdudlaşdırır. Uzun sözün qısası paytaxtdın mərkəzi
ərazilərində üst - üstə təxminən 10-20 zal ola olmaya. Amma Bakının kiçik bir qəsəbəsi
boyda olan Dağıstanın Xasavyurt bölgəsində bəlkə 50 dənə güləş zalı var. Bundan əlavə
kütləvilik də qabaqkı kimi yoxdur. Rəsmi güləş yarışları çox azdır. Idmançılar il ərzində ən azı
5 dən çox güləş yarışında qüvvələrini sınamalıdırlar. Bu il demək olar ki, ölkə daxili yarışlar
çox az oldu. Yeniyetmə,gənclər,böyüklər paytaxt və Respublika birinciliklərində qüvvələrini
sınadı lar. Əvvəllər yenə “Hünər Meydanı”,”Rəşid Məmmədbəyov” “Xosrov Cəfərov” adına
yarışlar keçirilirdi. İndi isə elə idmançı var ki, il ərzində birbaşa Azərbaycan birinciliyinə qatılır
və hardasa təcrübəsizliyin qurbanı olurlar. İdmançı il ərzində o qədər yarış güləşməlidir ki,
səhvlərini analiz edib nəticə cıxarıb böyük yarışlarda uğur qazansınlar. Təsəvvür edin ki, bu il
güləş ölkəsi kimi tanınmayan cırtdan ucqar ölkələrdə Dünya Güləş Birliyinin(UWW)
təqvimində yer alan yarışlar keçirildi, Azərbaycanda isə yox. Bəs bizim uşaqlar gedib harda tanınmış güləşçiləri yaxından izləyib nəsə öyrənsin. Kütləvilik elə belə yarışların təsirindən başlayır. Uşaqlar kütləvi yarışlarda ilhamlanıb idmana meyl edirlər. Nə vaxta qədər məşqçilərimiz uşağın əlinə baxacaqlar. İnanın ki, məşqçi tanıyıram ki, maaşının azlığından gecə mühafizədə işləyir, taksi sürücüsü işləyir, məşqə yorğun gəlir. Belə Olimpiya çempionu
yetişdirmək olarmı?
Tokionun uğur yollarını Əlinin papağını Vəlinin başına, Vəlinin papağını
Əlinin başına qoymaqla yox, illərlə bundan qabaq axtarıb tapmaq azım idi. Artıq Əjdər
Cəfərov temasını da bağlamaq lazımdır. Daha bəsdir bütün günahları Əjdərin boynuna
yıxdıq. Əjdər etdiyini etdi,yığdığını yığdı getdi. Tokio oyunlarının günahı kimin boynuna
atılacaq o maraqlıdır.
Ramin Allahverdiyev, sərbəst güləş üzrə əməkdar məşqçi.