Mirabdulla Abbasov: "İlin futbolçusu seçilməyim sevindiricidir, amma böyük bir şey deyil" - MÜSAHİBƏ

Bakıdakı Avropa Liqası Muzeyində imza gününə qatılan 2018-ci ilin ən yaxşı futbolçusu, "Neftçi" klubunun və Azərbaycan millisinin hücumçusu Mirabdulla Abbasovun "Report"a müsahibəsi...

 

- Karyeranızda ilk dəfə sizin üçün imza günü təşkil olundu. Hansı hissləri keçirirsiniz?

- Bu, çox qürurverici hissdir. Hər zaman azarkeşlərlə bacardığım qədər əlaqəyə girməyin tərəfdarı olmuşam. Bu gün isə onlar üçün bir şansdır ki, mənimlə şəkil çəkdirsinlər. Əlimdən gələni etdim və çalışdım ki, hər birinə vaxt ayırım. Məni buraya imza günü üçün dəvət edənlərə təşəkkürümü bildirirəm.

- "Neftçi"nin mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirirsiniz?

- Yaxşı dəyərləndirirəm. Əlbəttə, bizim üçün üzücü məqam 2018-ci ilin sonunda ölkə kubokundan kənarda qalmağımız oldu. Amma Premyer Liqada hələlik birinci pillədəyik. "Neftçi" özünə layiq olan yerdədir. Əlimizdən gələni edəcəyik ki, mövsümün axırınadək mövqeyimizi qoruyaraq və çempion olaq.

- İkinci pillədəki "Qarabağ"dan cəmi 3 xal öndəsiniz. Bu halda çempionluq nə dərəcədə realdır?

- İlk iki dövrəni birinci pillədə başa vurmuşuqsa, deməli, komandamızın buna gücü var. Çalışacağıq ki, daha artığını edək və "Neftçi" azarkeşlərinin gözlədikləri çempionluğu onlara nəsib edək.

- 2018 ci il sizin üçün necə keçdi?

- Bu il mənim üçün uğurlu oldu. Sabit çıxış etməyim bir yana, əsas milli komandada debüt etdim. Buna görə də ili uğurlu hesab etmək olar.

- Düşünmürsünüzmü ki, yığmaya UEFA Millətlər Liqasında qrup mərhələsinin son iki oyunu üçün yox, əvvəldən dəvət alsaydınız, komandaya daha çox xeyir verə bilərdiniz?

- Bunu deməyə bir az çətinlik çəkirəm. O, baş məşqçinin fikri idi. Nə vaxt lazım bilibsə, həmin anda da məni yığmaya çağırıb. Əlimdən gələni etmişəm ki, millinin uğuru üçün nə isə edim. Amma bu, yetərli olmadı. Millətlər Liqasında uğur əldə edə bilmədik və qrupda qaldıq. Qarşıdakı seçmə mərhələnin oyunlarına baxacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq və xalqımızı sevindirək.

- 2018-ci ildə həm də İlin futbolçusu seçildiniz...

- Əvvəlcə onu demək istəyirəm ki, bu, bir tərəfdən mənim üçün gözləniıməz oldu. Çünki bu ada layiq görülə biləcək çoxlu oyunçu var idi. Adlarını da çəkə bilərəm: Maksim Medvedev, Qara Qarayev, Kamran Ağayev, Riçard Almeyda... Onlar həm ili yaxşı keçiriblər, həm də Azərbaycan futbolu üçün məndən artıq işlər görüblər. Bu oyunçulardan hansısa biri seçilsəydi, təəccüblənməzdim. Əlbəttə, İlin futbolçusu seçildiyim üçün sevinirəm. Sorğuda mənə səs verənlərə təşəkkür edirəm. Sorğunu keçirənlər və iştirak edənlər də çox sağ olsunlar. Düşünürəm ki, əsas məsələ meydanda özümü yaxşı tərəfdən göstərməyimdir. Belə hallar sevindiricidir. Amma İlin futbolçusu seçilməyim böyük bir şey deyil.

- Bəs Mirabdulla Abbasov İlin futbolçusu sorğusunda kimə səs verərdi?

- Bilmirəm. Ən azından özümə səs verməzdim (gülür - T.Q.). Yəqin ki, adlarını çəkdiyim futbolçulardan Maksim, Qara, Kamran və Riçard Almeyda arasında seçim edərdim.

- Sorğularda birinci olmaq sizə əlavə stimul verirmi?

- Bu, çox böyük məsuliyyətdir. Bilirəm ki, hər kəs məndən çox şey gözləyəcək. Məsuliyyəti dərk edib öz üzərimdə çox işləyəcəyəm. Elə oyun göstərməyə çalışacağam ki, "Bu futbolçu "ulduz xəstəliyi"nə tutulub" kimi söz-söhbətlər yaranmasın. Hələ karyeramda elə bir şey etməmişəm ki, belə "xəstəliy"ə tutulum. Daim çalışmışam ki, hər şeyi maksimum edim.

- Ölkə xaricində çıxış etmək istəyiniz var?

- Əlbəttə, Avropa klublarında oynamaq istərdim. Amma bu barədə danışmaq bir az çətindir. Çünki təklif yoxdur. Təklif olsa, nə isə deyə bilərəm.

- Belə bir imkan olsaydı, Avropanın hansı aparıcı klubunu seçərdiniz?

- Bunu demək bir az gülməlidir. Top-klublarda hamı oynamaq istəyər. Mən də uşaqlıqdan "Real Madrid" azarkeşi olmuşam. Amma bu barədə danışmaq belə istəmirəm (gülür - T.Q.).