“Qarabağ”ın qapıçısı Hannes Halldorsson vətəni İslandiyada özünə ev alıb.
35 yaşlı qolkiperin əldə etdiyi əmlak paytaxt Reykyavikdə Fossvoqur rayonunda yerləşir. 1971-ci ildə inşa edilmiş ev 227 kvadratmetr sahəyə malikdir.
Maraqlıdır ki, Halldorssonun aldığı mənzil onun karyerasını davam etdirmək istədiyi “Valür” komandasının ev arenası “Hlidarendi”nin 3,5 kilometrliyində yerləşir. Xəbərdə Halldorssonun Reykyavikdəki əvvəlki mənzilini ötən ilin mayında satdığı da vurğulanıb.
İslandiya millisinin qapıçısının meneceri Olafur Qardarsson yerli mətbuata müştərisi ilə İsveç və Norveç klublarının maraqlandığını, lakin Halldorssonun “Valür”lə danışıq apardığını bildirib. Digər tərəfdən, o, daha 1,5 illik müqavilə üzrə məxsus olduğu “Qarabağ”ın da icazəsini almalıdır.
Qeyd edək ki, Hannes Halldorsson bir müddət əvvəl “Qarabağ”da 3 qapıçının çox olduğunu və bu səbəbdən, komandanı tərk etməsinin mümkünlüyünü açıqlayıb.