Xaqani Məmmədov: "Vəzifəmdən getmək fikrim yoxdu"
“Son vaxtlar hakimlik mövzusu tez-tez gündəmə gəlir. Hakim səhvi dünyanın hər bir ölkəsində olur. Amma bizdə hakim səhv edən kimi günahkar Xaqani Məmmədov seçilir. Ritsoli səhv edəndə, kimsə Kollinanın adını çəkdi?”
Olimpsport.az saytının məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Xaqani Məmmədov qeyd edib ki, son illər Azərbaycan hakimliyində olan inkişaf göz önündədir: “Bu gün 15-20 il əvvəlki problemlər yoxdur. Biz rayonlara oyun idarə etməyəndə gedəndə qarşımıza avtomatla çıxırdılar. İndiki gənclər elə hadisələrlə qarşılaşmayıblar. Bu gün hansısa rüşvətdən, hətta qərəzdən söhbət gedə bilməz. Səhvlər var və hər zaman da olacaq. Hazırkı FIFA referilərini uşaq futbolundan üzə çıxarmışıq. Gördüyümüz işlər də göz önündədir”.
Hakimlərin Komitəsinin sədri Əliyar Ağayevdən də söz açıb: “Əliyar Ağayev bir neçə görüşdə ciddi səhvlərə yol verib. Amma o, yenə də ölkəmizin ən yaxşı hakimlərindəndir. Çempionatdakı ən vacib oyunları Əliyar idarə edir”.
Xaqani Məmmədov vəzifəsində daimi olmadığını vurğulayıb: “Heç kim vəzifəsindən ikiəlli yapışmayıb. Kreslo daimi deyil. 2008-ci ildən bu yana qurduğumuz sistem özünü doğruldur. Vəzifəmdən getmək fikrim yoxdu. İşimin öhdəsindən lazımınca gəlirəm. Bundan artıq nə etməliyəm? Çıxıb bunların yerinə hakimlik edən deyiləm ki”.