Nurməhəmmədov və Makqreqor yarışlardan kənarlaşdırılıb
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.
O, diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.
İki idmançı arasında döyüş oktyabrın 6-da olub. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
NSAC həmin davaya görə irlandiyalı idmançı Konor Makqreqora qarşı da 6 aylıq cəza tətbiq edib. Boksçu yarışlarda iştirakdan kənarlaşdırılmaqla yanaşı, 50 min dollar məbləğində cərimə edilib.
Bundan əlavə komissiya döyüş sonrası davaya görə, rusiyalı döyüşçünün qardaşı Əbubəkr Nurməhəmmədov və döyüşçü Zubayr Tuxuqovu 12 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.
Tuxuqov və Əbubəkr Nurməhəmmədov eləcə də hər biri 25 min dollar məbləğində cərimə ediliblər.
Oktyabrın 6-da Nurməhəmmədov və Makqreqor arasında baş verən döyüşdən sonra Əbubəkr rinqin maneəsini aşaraq irlandiyalı boksçunun məşqçisi Dillon Denis ilə dava salıb. Bu anda rusiyalı idmançının sekundantı olan Tuxuqov rinqə girərək Makqreqoru vurmağa başlayıb.