Yunis Hüseynov: " Bizim məşqçilər əcnəbilərdən daha savadlıdılar"

Bu gün veteran futbolçu, "Xəzər -Lənkəran" futbol klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun 54 yaşı tamam olur.

Bu məqamda Hüseynovun "Olimpsport.az"-a verdiyi müsahibəni təqdim edirik:

-Yunis müəllim, ad gününüz mübarək

-Çox sağ olun, təşəkkür edirəm

- Futbolda yoxsuz. Nə işlə məşğul olursuz?

- Bəli, işsizəm. Heç bir kənar işlə də məşğul olmuram. Biznesim yoxdu. Ömrümün 37 ilini futbola həsr etmişəm. Futbolla da yaşayıram. Azəbaycanın ilk PRO kateqoriyası alan məşqçiyəm. İndi deyim ki, tək mən işsizəm, bu da düz olmaz. Mənim kimi işsiz olan çox məşqçilərimiz var. Sadəcə işsiz qalmaq biraz pis təsir edir adama. Düzdür, təklif də olub. Millinin aşağı yaş qruplarında çalışmaq təklif olundu. Mən özüm aşağı yaş qruplarında işləmək istəmədim. Düşündüm çətinlik çəkərəm. Ona görə də qəbul etmədim. Məşqçilər Komitəsinə üzv olmağı təklif etmişdilər. Mən klublarda işləmək istəyirəm.

- Məşqçi kimi xarici klublarda işləmək istəməzdiz? Təklif yoxdu yoxsa...

- Xaricdən də heç bir təklif yoxdu. Bunun da səbəbi yenə də bizim futbol ölkəsi olmamağımızdı. Menecer təklif edir, baxırlar ki, Azərbaycanlı. Fikirləşlər ki, orda futbol yoxdu, futbolçu yoxdu, demək məşqçi də yaxşı olmayacaq. 

Baxın, sizə bir söz deyim. U- 21 millimizin yeni baş məşqçisi kimdi? Siz taniyırsız? Mən tanımıram. Heç bir uğurunu da eşitməmişəm. Sadəcə serbiyalı futbolu inkişaf etmiş , futbolçuları avropanın müxtəlif klublarında oynayan ölkənin nümayəndəsidir. Ona görə də iş tapmaqda çətinlik çəkmədi. Bizim isə nə avropa uzun müddət oyanayan, ölkəmizi təmsil edən futbolçumuz var nə də məşqçimiz. Halbuki, azərbaycanlı məşqçilərin savadı onların savadından da üstündü. Hər zaman demişəm, bizim məşçqçilər xarici məşqçilərdən qat-qat üstündü. 

- Bu həftə Azərbaycan Premyer liqasında qış fasiləsi bitir. Çempionatı izləyirsiz? Sanki rəqabət yoxdu...

 - Çempionat ətrafında ajiotaj hiss olunmur. Sizə deyim ki, indi deyirlər " Qarabağ"- "Neftçi" derbi. Mən isə bu oyunları derbi hesab etməzdim. Derbi "Neftçi"nin "Xəzər - Lənkəran", "Kəpəz" kimi klublarla oyunları idi. Bunun səbəbi azarkeş amili olub. Azarkeşlərin həmni oyuna marağı, stadionu doldurmaları. Azarkeş çox olanda derbi hiss olunur. "Neftçi" - "Qarabağ" oyunlarına 1500 -2000 azarkeş gəlir. Əsl derbidə 15000- 20000 azarkeş olmalıdı. Bu da Lənkəranda, Gəncədə olurdu.  Çempionatda rəqabət də yox səviyyəsindədi. Premyer liqa başlayandan hansı klubun çempion olacağı, hansının avrokuboklara vəsiqə qazanacağı böyük ölçüdə bilinir. Fikrimcə "Qarabağ" bu il də həm çempion olacaq, həm ölkə kubokunu qazanacaq.

- AFFA hələ də əsas milliyə baş məşqçi tapa bilmir. Sizcə millidə yerli yoxsa legioner məşçi çalışmalıdı?

- Mən hər zaman millidə yerli məşqçinin işləməyinin tərəfdarı olmuşam. Bizim millidə oynayacaq çox az sayda futbolçumuz var. 25-30 nəfər üzdə olan oyunçu var ki, bunlar neçə illərdi millinin şərəfini qoruyurlar. Bizdə milliyə 100 nəfər namizəd futbolçu yoxdu axı legioner məşqçi gəlib hansısa seçim etsin, nələrisə dəyişsin. Yerli də olsa, legioner də olsa yenə eyni oyunçular dəvət alacaq. Dəyişən heçnə olmayacaq. Düzdür, bu o demək deyil ki, Qurban Qurbanov millidə uğur qazanmadısa heç kim uğur qazanmayacaq. Yenə deyirəm, istər Foqtsun dövrü olsun, istər Prosineçkinin, istərsə də Qurbanovun. Heyətdə hansı ciddi dəyişikliklər oldu? İndi də legioner məşqçi gəlib eyni futbolçulardan istifadə edəcək.

-"Xəzər- Lənkəran" klubunun sahibi  Mübariz Mənsimov son açıqlamasında AFFA rəhbərliyi istefa verərsə klubu bərpa edəcəm deyib...

- Mübariz bəyin fikirləri ilə bağlı bir söz deyə bilmərəm. Mən sadəcə həyatının 37 ilini  Azərbaycan futboluna həsr etmiş bir insan kimi deyə bilərəm ki, "Xəzər-Lənkəran", "Kəpəz", "Turan" "Karvan" "Bakı" kimi klublar. Region klublarının hamısı qayıtsa mənə xoş olardı. Futbolumuz inkişaf edərdi. Mənim arzum budur ki, çempionatımız daha maraqlı olsun, daha çox azarkeş stdiondan izləsin oyunları. Azarkeş olanda futbolçu da məsuliyyət hiss edir, öz üzərində daha çox çalışır. Boş tribuna önündə isə əksinə. Mən futbolçu kimi bu hissləri yaşamışam.