Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 29-da Bakıda keçiriləcək.
Toplantı Bakı Olimpiya Stadionundakı Avropa Liqasının final matçı ərəfəsində təşkil olunacaq. Azərbaycanda ilk dəfə baş tutacaq iclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.
Bu gün İtaliyanın paytaxtı Romada işə başlayan toplantının gündəliyindəki əsas məsələ isə UEFA prezidenti seçkisi olacaq. Bu vəzifəyə yeganə namizəd qurumun hazırkı rəhbəri Aleksander Çeferindir. Sloveniyalı funksionerin namizədliyini əksər milli federasiyalar, o cümlədən, AFFA da dəstəkləyib. Seçki fevralın 7-nə təyin edilib.
UEFA prezidentindən əlavə, İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək. Üzvlərdən ən azı 1-i isə qadın olmalıdır. Eyni zamanda, FIFA Şurasında vitse-prezident vəzifəsinə seçki olacaq.
Bu gün isə 2019 - 2024-cü illərdə UEFA-nın, o cümlədən, qadın futbolunun inkişaf strategiyası və Avropa futbolunun hərəkət vektoru müəyyənləşəcək.
Çempionlar Liqası, Avropa Liqası UEFA Super Kuboku da daxil olmaqla, 2019 və 2020-ci illərdə klub və yığma komandalar səviyyəsində turnirlərin əsasnamələri, 2019 - 2021-ci illərdə gənclər arasında Avropa çempionatının final mərhələsinin formatı təsdiqlənəcək. Habelə, UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq memorandumu bağlanılacaq.
AVRO-2020-yə hazırlığa daha böyük diqqət yetiriləcək. Gələn il UEFA-nın 60 illiyi tamamlanacağı üçün Avropa çempionatının oyunlarının 12 şəhərdə, o cümlədən, Bakıda təşkilinə qərar verilib. Oyunlar 12 iyun - 12 iyulda olacaq.
"Kicker" nəşri isə Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərində səfər qolu qaydasının ləğvi ideyasına baxılacağını da yazıb. Daxili yarışlarda bu məsələni isə milli federasiyalar müstəqil tənzimləyə bilərlər.