Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
"Nou Kamp" stadionunda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.
Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.
"Barsa"nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda "Valensiya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.
Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları 27-28 fevralda keçiriləcək.