2020-ci il olimpiadası üçün medallar smartfonlardan hazırlanacaq
2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları üçün medallar elektron tullantılardan istehsal ediləcək.
Atılmış və yenidən emala verilmiş cihazlardan tonlarla bürünc, gümüş və qızıl materiallar əldə olunacaq.
Yaponiyada bir çox şirkət, yerli və xarici idmançılar bu ideyaya böyük dəstək veriblər. Bu təşəbbüs nəticəsində bələdiyyələr 47 min 488 ton elektron tullantı yığıblar. Bura həmçinin istifadəçilərin NTT DOCOMO adlı yerli mobil operatoruna geri qaytardıqları 5 milyon ədəd köhnə mobil telefon da daxildir. Bundan əlavə olaraq poçt məntəqələrində və digər ictimai yerlərdə köhnə cihazların təhvil verilməsi üçün xüsusi məntəqələr də quraşdırılıb.
Komitə əmindir ki, artıq yığılmış ehtiyyatlar sayəsində onlar bu ilin 31 mart tarixinə kimi medalların istehsalı üçün lazımi material həcmini əldə edə biləcəklər.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci ildə 24 iyuldan 9 avqusta kimi keçiriləcək.