Çempionlar Liqasının oyunlarında VAR-dan hansı hallarda istifadə ediləcəyi açıqlanıb
UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti Çempionlar Liqası oyunlarında videotəkrar sistemindən (VAR) istifadə qaydalarını açıqlayıb.
Bu barədə 52 yaşlı sabiq referi qurumun rəsmi saytına müsahibəsində bildirib. Rozettinin sözlərinə görə, VAR hakimi matçın gedişinə təsir göstərən dörd vəziyyətdə açıq və aydın səhv gördüyü vaxt oyuna müdaxilə edəcək: "Bunlara qoldan öncəki qayda pozuntuları, penalti haqqında qərarlar və penaltidən öncəki qayda pozuntusu, birbaşa qırmızı vərəqə və futbolçuların yanlış identifikasiyası daxildir. Bu, eyni zamanda hücumdakı və oyundan kənar vəziyyətdə vurulan qollara da aiddir".
İtaliyalı sabiq referi VAR-ın tətbiqinin turnirlərə fayda verəcəyini də söyləyib: "Bu, hakimlərə əhəmiyyətli dərəcədə kömək edəcək və səhv qərarların sayını azaldacaq".
Rozetti yeni 3D texnologiyalarının videoköməkçi hakimlərə oyundankənar vəziyyətin olub-olmadığını müəyyənləşdirməyə kömək edəcəyini bildirib: "Həmin köməkçi hakimlər qaydalara görə, qırmızı vərəqə ilə cəzalandırılmalı olan açıq kobud oyuna müdaxilə edə bilərlər".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq. Hakimlər həmçinin Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda da VAR-dan yararlana biləcəklər.