Şaban Donat: "Tokio Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağa çalışacağıq"

“Bu turnirlərə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq".

Bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Şaban Donat bu il iştirak etdikləri yarışlar barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis İrandakı “Təxti kuboku”nda Arif Niftullayevin (97 kq) daha yaxşı çıxış etdiyini bildirib: "Ağır çəkilərdə rəqabətin yüksək səviyyədə olmadığını nəzərə alsaq, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Aşağı çəkilərdə isə rəqabət baxımından problem yoxdur. Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burada orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur”.

Donat 22 - 24 fevralda Macarıstanın Dyor şəhərində təşkil olunacaq Qran-prinin önəminə diqqət çəkib. Onun sözlərinə görə, reytinq xarakterli yarışda uğur qazanmaq dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmamamaq baxımından önəmlidir: "130 kq çəkidə yer alan Sabah Şəriəti bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən 87 kq çəkili İslam Abbasov da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan tərəflərini görək və aradan qaldıraq. Daha bir gənc güləşçimiz, 60 kq çəkili Murad Məmmədova da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb".

Baş məşqçi Qran-pridən sonra yeni hazırlıq sistemi tətbiq edəcəklərini diqqətə çatdırıb. O, Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləri ilə birgə toplanışın gözlənildiyini söyləyib. Donat 23 yaşadək güləşçilər və böyüklər arasında Avropa çempionatlarının önəmini vurğulayıb: "Hər iki çempionat bizim üçün çox vacibdir və dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək "Minsk-2019" II Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurla çıxış etmək lazımdır. Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda isə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına maksimum sayda – 6 lisenziya qazanmağa çalışacağıq".

Qeyd edək ki, hazırda Azərbaycan millisi Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Bir müddət öncə yığma İranda “Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayıb. "Təxti kuboku”nda Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıb qazanıb.

Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində isə Murad Məmmədov (60 kq) qızıl, Oyan Nəzəriani (130 kq) və Taleh Məmmədov (63 kq) gümüş, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.