Səmayə Məmmədova: Azərbaycan bu il də mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək
Azərbaycan bu il də idmanın müxtəlif növləri üzrə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcək. Ötən il ölkəmizdə velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasları, Formula 1 Azərbaycan Qran-Prisi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunub. Ən əhəmiyyətlisi odur ki, paytaxtımıza gələn idmansevərlər ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir. Keçən il Azərbaycana gələn turistlərin sayı artaraq 3 milyona yaxınlaşıb. Bu il nüfuzlu yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə də artacağı gözlənilir.
Olimpsport.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Səmayə Məmmədova qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. “Odlar Yurdu” bu il də idman ölkəsi statusunu qoruyub saxlayacaq. Cari ildə Bakıda bir sıra mötəbər idman turnirləri keçiriləcək. Belə irimiqyaslı yarışların ölkəmizə bir çox faydaları olacaq. İdman sahəsində reallaşdırılan dövlət siyasəti, Olimpiya dəyərlərinin və ideallarının təbliği, idman sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, inşa olunmuş və tikilən müasir Olimpiya İdman kompleksləri, yaradılan yeni infrastruktur və digər tədbirlər nəticəsində ölkəmiz irimiqyaslı yarışlarının keçirildiyi vazkeçilməz məkana çevrilib. Xüsusi vurğulamaq lazımdır ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi həm ölkəmizdə idmanın müxtəlif növlərinin inkişafına, həm də gənclərin idmana marağının artmasına təkan verir. Bütün bunlar Azərbaycan hökumətinin idmanın inkişafına xüsusi diqqət və qayğısı sayəsində mümkün olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər irimiqyaslı yarışların təşkili ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, Azərbaycanın peşəkar idman təşkilatçısı kimi tanınmasına səbəb olub: “2018-ci ildə dünyanın müxtəlif ölkələrindən daha çox avtoidman həvəskarını ölkəmizə cəlb edən Formula 1 Azərbaycan Qran-Prisinə bu il də maraq böyükdür. Bu baxımdan paytaxtımızda keçiriləcək Qran-Prinin daha üç il, yəni 2023-cü ilədək uzadılmasının əsasında bu mötəbər yarışın ölkəmizə, xüsusən turizmin inkişafına faydası, Azərbaycanın dünyada daha geniş təbliğ edilməsi imkanları dayanır. Ötən il Formula 1 Azərbaycan Qran-Prisini canlı yayımda izləyənlərin sayı 84 milyon nəfər olub. Bu, avtoidman yarışlarının həvəskarı olan on milyonlarla insan arasında Azərbaycanın idman uğurlarının təbliğ olunması deməkdir”.
S.Məmmədova deyib ki, bu il futbol azarkeşlərini də ölkəmizdə keçiriləcək maraqlı yarış gözləyir. UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək final oyununa Bakı Olimpiya Stadionunda 68 mindən çox tamaşaçı baxa biləcək. Ümumilikdə, bu möhtəşəm futbol bayramını dünyada milyonlarla insan televiziya ekranlarından izləyəcək. İyulda isə Azərbaycan daha bir mötəbər yarışa – Avropa Gənclərinin Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Avropanın 50 ölkəsindən 2 mindən çox atlet bu mötəbər turnirdə mübarizə aparacaq. 1500-dən çox nümayəndənin qatılacağı mötəbər turnir idmanın on növü üzrə 12 idman qurğusunda keçiriləcək. Festivalın açılış mərasimi iyulun 21-də “Baku Crystal Hall”da baş tutacaq. Ümumilikdə bu turnirin təşkilinə 2500-dən çox könüllü cəlb olunacaq. Bundan başqa, cari ildə Bakı həm də gimnastikası üzrə üç Dünya Kubokuna, iki Avropa çempionatına və bir dünya çempionatına ev sahibliyi edəcək. Bakıda keçiriləcək hər üç Dünya Kubokunun, eləcə də dünya çempionatının “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması isə həmin yarışların əhəmiyyətindən xəbər verir.
Bütün bunların Azərbaycanın idman siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verdikləri yüksək qiymətin daha bir təzahürü olduğunu vurğulayan S.Məmmədova bildirib: “Ölkəmizdə belə nüfuzlu idman yarışlarının təşkili bu sahəyə gənclərimizin marağını daha da artırır, idman növlərinin inkişafına töhfə verir. Bu, eyni zamanda, sağlam nəslin formalaşmasına, gənclərin idmana marağının artmasına da müsbət təsir göstərir. İyulda 14-18 yaşlı gənclər arasında keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı gələcəkdə idmanın müxtəlif növləri üzrə gənc atletlərin yetişməsi baxımından böyük əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, bu il də yarışların yüksək səviyyədə keçirilməsi üçün ölkəmiz geniş potensiala malikdir. Beynəlxalq idman yarışları və tədbirləri bu il də Azərbaycanın həm iqtisadi, həm də idman həyatında növbəti mühüm hadisələr olacaq. Görülən işlər, respublikamızda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrin əldə edilməsinə zəmin yaradır.