Güləşin kütləviliyinə "CBC Sport" töhfəsi

Azərbaycan Güləş Federasiyasının verdiyi məlumata görə sabah start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçiriləcək Azərbaycan birinciliyinin final qarşılaşmaları "CBC Sport" televiziya kanalı ilə canlı yayımlanacaq. Qeyd edək ki, ilk dəfə olaraq "CBC Sport" kanalı güləş üzrə Azərbaycan birinciliyini canlı yayımda nümayiş etdirəcək. "Olimpsport.az" saytı xəbər verir ki, yarış "Sərhədçi" Olimpiya İdman Kompleksində keçiriləcək. 

Həqiqətən də bu təşəbbüsü irəli sürənləri alqışlamaq lazımdır. Bu təşəbbüs güləşin kütləviliyinə biraz da təkan verəcək. Ümumiyyətlə güləş idman növünün kütləviliyinə hər zaman ehtiyac var.  Çünki güləş ölkəmizin dayaq idman növlərindən hesab olunur. Güləş Azərbaycan idmanının səlnaməsinə adını qızıl hərflərlə həkk edib. Zəngin adət ənənələrə malik olan güləş ibtidai qurluş dövründən indiyə qədər yaşayır, sevilir, seçilir və daha da inkişaf edir.