"Neftçi"nin kapitanı 220 gün sonra meydanlara qayıdır
Azərbaycan Premyer Liqasında XVIII turun "Səbail" komandası ilə ev oyunu "Neftçi"nin kapitanı Ruslan Abışovun yaşıl meydanlara dönüşü ilə əlamətdar ola bilər.
Bu zərurət ukraynalı mərkəz müdafiəçi Kiril Petrovun "Zirə" ilə səfər matçında dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşməsi səbəbindən yaranıb. "Bakcell Arena"da keçiriləcək ev oyununda baş məşqçi Roberto Bordin bu mövqedə etibarlı oyunçunun yer almasını istəyəcək. Abışov qış fasiləsindən sonra kollektiv məşqlərdə iştirak edib və hətta hər 3 oyunda ehtiyat oyunçular skamyasında yer alıb. Lakin italiyalı mütəxəssis onu meydana buraxmağa hələlik ehtiyac hiss etməyib.
Digər tərəfdən, ötən həftə "Neftçi"nin sıralarına daha bir təcrübəli mərkəz müdafiəçisi Petru Raku da qoşulub. Moldova "Şerif"indən transfer olunmuş Raku Abışovun həmyaşıdıdır. Lakin azərbaycanlı futbolçunun əsas üstünlüyü yerli oyunçu statusu daşımasıdır. İstənilən halda, qarşıdakı görüş iki mərkəz müdafiəçisindən ən azı birinin start heyətdə meydana çıxması ilə əlamətdar olacaq.
Abışov 2018-ci il iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda zədələnib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, meydana çıxsa, yaşıl meydanlara dönüşü 220 gün çəkəcək. Raku isə son olaraq, ötən il avqustun 30-da Bakıda "Qarabağ"a qarşı Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyununda forma geyinib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş həmin qarşılaşma da yerli komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Raku isə 178 gün sonra yenidən Bakıda meydana çıxa bilər. Amma bu, mərkəzi arenada yox, ilk dəfə "Bakcell Arena"da gerçəkləşəcək.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 16:00-da başlayacaq.