Hakim “badalaq” fəndini ayağı ilə yox, ağzı ilə icra edir - YAZI

Elə bir idman yarışı yoxdur ki, hakimsiz keçirilsin. Görüşün taleyini həll edən güclü rəqibdirisə, görüşü idarə edib nəticəni elan edən də hakimdir.

Bu bir aksiomadır. Amma bəzən hadisələr aksiomanın əleyhinə gediir. Yəni, hakim bəzi hallarda görüşün taleyini də həll edə bilir.

Bəzən hakimin ədalətsiz fit çalmağı bir idmançının karyerasını başa vura bilər. Belə hallar maraq,qərəz,azarkeş təzyiqi,texniki- taktiki və sair səhvlər üzündən baş verə bilər.

Hakim iradəsindən çox şey asılıdır. Bəzən azarkeş, məşqçi və ya idmançı hakimin görüşün talehini həll etmək istiqamətində etdiyi neqativ əməlləri nə görə, nə də hiss edə bilir. Bunu ən çox görüşü idarə edən hakim və onun həmkarları yaxşı görə bilir.

Necə deyərlər, hakim “badalaq” fəndini ayağı ilə yox, ağzı ilə icra edir.

Hakimlər çox vaxt maddi maraq səbəbindən bu çirkin üsullara əl atırlar. Bunun da kökündə ən əsas ehtiyac dayanır. Hamıya məlumdur ki, bir neçə idman növünü çıxmaq şərtilə idman hakimlərinin qazancı məşhur idmançıların gəlirindən qat-qat aşağıdır və bununla barışmayan bəzi hakimlər "ev yıxıb" pul qazanmağı hədəfləyirlər.

Günü gündən dünyada mərc oyunları çoxaldıqca bəzi hakimlər də bu fürsətdən məharətlə istifadə etməyə çalışırlar. Yeri gəlmişkən, mərc oyunlarının çoxalması ilə bağlı son illər həm hakimlərin nüfuzu qalxıb, həm də onlara qarşı ciddi nəzarət edilməyə başlanılıb.

Qabaqlar mərc oyunları əsasən futbol yarışlarını əhatə edirdisə, indi bu hətta  güləşə qədər gəlib çıxıb.

Güləşdən söz düşmüşkən,hal hazırda Azərbaycanda güləş hakimlik dövrünün ən uğurlu vaxtlarını keçirir. Təsadüfi deyil ki, tarixdə ilk dəfə olaraq indiki vaxtda Azərbaycanda I-S dərəcəli 4 hakimimiz var. Bunlar Hicran Şərifov, İntiqam Alıyev, Asif Şirəliyev və Sədi Quliyevdir.

Ədalət təmsilçilərimizdən ən azı biri 2020 Tokio Olimpiya Oyunlarında hakimlik edəcək.

Hicran Şərifov 4-cü dəfə Olimpiya Oyunlarında ölkəmizi təmsil etməyə çox yaxındır. İntiqam Alıyev və Asif Şirəliyev də  Olimpiya oyunlarında hakimlik etmək iddiyasındadırlar. Sədi Quliyev isə cəmi bir neçə ay bundan qabaq bu dərəcəyə sahib olduğu üçün onun şansları az görsənir.

Amma sürpriz də ola bilər. Növbəti olimpiadaya isə yəqin ki, Sədi Quliyev də iddialı olacaq.

Bir də ən əsası odur ki, hakimlərimiz bu dərəcəni qoruyub saxlamağı bacarmalıdırlar. Bundan əlavə I-S dərəcəsinə namizəd olan beynəlxalq dərəcəli hakimlərimizin də sayı çoxdur. Bu çox sevindirici haldır. Bildiyiniz kimi idmanda rəqib olan digər ölkələr beynəlxalq aləmdə çox hakimliklə təmsil olunan ölkələrdən hardasa çəkinirlər. Çünki bizim idmançılara qarşı qərəzli mövqe tutmaq istəyən hakimlər bunun əksini düşünüb ehtiyat edirlər. Ümumiyyətlə subyektiv fikirlərimə əsaslanaraq bildirmək istəyirəm ki, beynəlxalq aləmdə güləş hakimliyində iki hakimiyyətlilik var. Qərb və Qafqaz.

Düzdür , zahirdə bu o qədər də hiss olunmur. Amma, Qafqaz xalqlarını ta qədimdən birləşdirən qonşuluq əlaqələri və keçmiş sovetlər dönəmindən miras qalan rus dili ünsiyyəti bunu deməyə əsas verir.

Türkiyəni də hardasa bu komandaya aid etmək olar.

Burda söhbət hər hansı bir qruplaşmadan getmir. Sadəcə hakimlik coğrafiyası uğrunda soyuq savaş həssas və vacib məqamlarda özünü büruzə verir. Bizə məlum olmayan diplomatik maraqlar hardasa toqquşan zaman həmin coğrafi güc nəticə etibarilə özünü göstərir.

Bəlkə də təsadüfi deyil ki, Dünya Güləş Birliyinin(UWW) prezidenti serb əsilli Nenad Laloviç son vaxtlar qərb hakimliyinə pərdəarxası dəstək nümayiş etdirir.

Bu da bir yazılmamış qanundur.

Bəlkə də ərəb və ya digər millətindən olan bir şəxs də bu posta yiyələnsə, o da öz şəbəkəsinə güvənib dəstək verəcək. Özü də Balkan ətrafı ölkələrdən olan beynəlxalq statuslu hakimlərin sayı durmadan artır. Son illər Dünya Güləş Birliyinin təqvimində yer alan yarışlarda balkan əsilli instruktur hakimlərin sayı da çoxalıb. Maraqlı statistikalardan biri odur ki, qərb ölkələrindən olan hakimlərin çoxusu peşəkar güləşlə də məşğul olmayıb. Onların əksəriyyəti  bu işə daha çox hobbi kimi yanaşır. Bunu ona görə qeyd etdim ki, belə hakimlərdə güləşçi xarakteri az olur. Güləşdə elə situasiyalar olur ki, hakim həmin güləşçi xarakterini ortaya qoya bilir. Çünki hakim özünü güləşçi yerinə qoyaraq idmançı duyğusunu hiss edib hardasa güləşənə simpatiya edib müəyyən güzəştlər edə bilir. Bunu ictimaiyyət yazılmamış qanun kimi ifadə edir.

Müasir dövrümüzdə isə bu ifadə biraz da təkmilləşərək beynəlxalq miqyasda “Fair-Play” kimi məşhurlaşıb. Qərb hakimləri daha çox xalçada pozitiv mimikalardan obrazlı şəkildə istifadə edərək hadisələri ələ almağa çalışırlar. Necə deyərlər, adamın üzünə gülə-gülə öz istədikləri qərarı verirlər.

Pozitiv görsənmək yaxşı xüsusiyyət hesab oluna bilər. Bəzən yarış zamanı mübarizə aparan idmançıları və ya məşqçiləri mübahisəli epizodlarda razı salıb gərginliyi azaltmaq üçün hakimlər belə jestlərə əl atıb özlərini humanist göstərməyə çalışırlar.

Hakimin əsas kriteriyaları meydanda daha çox ədalətli və qətiyyətli olmasıdır. Bizim hakimlərin isə xalçada davranışı biraz fərqlidir. Loru dildə desək, bizim hakimlər hadisələri iki üzlülüklə ələ almağın tərəfində olmurlar. Onlar konkret qərar qəbul edirlər.

Məsələn, İntiqam Alıyevi hələ mən xalçada gülən və ya gülümsəyən görməmişəm. Bəlkə də bu onun daxili təbiətindən irəli gəlir. Bundan əlavə bizim hakimlər xalçada olduğu kimi sosial,ictimai həyatda da etik davranışlarına çox diqqət edirlər. Doğrusu mənim də bir məşqçi kimi belə ağır təbiətli qətiyyətli və centlmen hakimlərə xüsusi simpatiyam var.

Belə hakimlərə idmançılar və publika da hörmət edir. Hakim öz duruş qaydaları ilə  xalçanın sahibi olduğunu nümayiş etdirməlidir.

Ümumiyyətlə Qafqaz bölgəsindən olan hakimlər xalçada daha çox səmimi və ağır təbiətli görünürlər. İstənilən halda isə dediyim kimi hakim ilk öncə ədalətli və qərarında qətiyyətli olmalıdır. Elə buna misal olaraq bu gün başa çatan yeniyetmə və gənclər arasında keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında sərbəst güləş üzrə gənclərin mübarizəsində 57 kq da mübarizə aparan Tofiq Əliyevin qırmızı vərəqə ilə yarışdan qovulmasını qeyd etmək olar.

Görüşü idarə edən Beynəlxalq dərəcəli hakim Zaur Şərifov onunla qeyri - etik davranışlarına görə Tofiq Əliyevə haqlı olaraq qətiyyətlə qırmızı vərəqə göstərdi. Hakimlər briqadasının sədri Qərib Əliyev də qərarın doğru olduğunu bildirdi.

Qərib Əliyevdən söz düşmüşkən, Qərib müəllim keçmiş həmkarı Əjdər Cəfərovdan fərqli olaraq hakimlərə daha çox sərbəstlik verir və onların qərarlarına inanır.

Əjdər Cəfərov isə həm hakimlər kollegiyasının sədri, həm də federasiyanın baş katibi olduğu dönəmlərdə hakimləri tam təzyiq və nəzarət altında saxlayırdı. Onun zamanında hakimlər elə bil hərbi xidmətdə idilər. Sakit təbiətli və səmimi olan təcrübəli mütəxəssis Qərib müəllim isə hakimlərlə diktator kimi yox, həm sədr, həm də dost kimi davranır.

Hakimlər də Qərib Əliyevin bu səmimiyyətinə cavab olaraq onun tələb və təlimatına canla,başla qarşılıq verirlər. Həm də Qərib müəllimin yaşı də ona əlavə nüfuz qazandırır. Həqiqətən  hakimlərimizin belə vəziyyətlərdə iradə göstərərək tərəddüd etmədən doğru qərar verməsi alqışa layiqdir.

Hakimin qərarına etiraz etmək, onu təhqir etmək və ya qərarı dəyişməyə cəhd etmək həm hakimə, həm ictimaiyyətə, həm yerli federasiyaya həm də bilavasitə Dünya Güləş Birliyinə qarşı hörmətsizlikdir. Çünki bu hüququ ona beynəlxalq və yerli federasiya verib. Düzdür, hakim də səhv edə bilər. O, da hər bir insan kimi xətakardır. Amma bilərəkdən qeyri obyektiv qərarlar verən, idmançıların parlaq karyerasına badalaq vuran hakimlərə qaydalar çərçivəsində etiraz etmək qarşı tərəfin mənəvi haqqıdır və belə hakimlər də cəzasız qalmamalıdır.

Hakimliklə bağlı növbəti yazılarımızda güləş idman növündə hakimlərin idmançılara qarşı gözə görünməyən sirli təzyiqlərini aşılamağa çalışacağıq. Məqsədimiz idmançılarımızı və məşqçilərimizi hakimlərin pərdəarxası oyunlarından agah etməkdir.

Ramin Allahverdi, əməkdar məşqçi