Bakıda cüdo üzrə beynəlxalq turnirə start verilib

Bakı İdman Sarayında 2 dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə yarış iştirakçılarının və hakimlərin idman paradı olub.

Sonra monitorda general-mayor Həzi Aslanov haqqında sənədli film göstərilib. Açılış mərasimində çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar. Natiqlər 39-cu dəfədir Bakıda keçirilən beynəlxalq yarışda bu il 7 ölkənin yeniyetmə cüdoçularının mübarizə apardığını söyləyiblər. Turnirin yüksək səviyyədə təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürlərini bildiriblər. Dövlət himnimiz səsləndirilikdən sonra beynəlxalq turnir açıq elan olunub.

Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparır. İlk günün nəticələrinə görə fərqlənənlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Beynəlxalq yarışa fevralın 24-ü yekun vurulacaq.