5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə təntənəli mərasim Gəncədə keçiriləcək
"5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə bir sıra şəxsləri təltif etdik. 40 nəfərə əməkdar məşqçi, 20 nəfərə fəxri bədən tərbiyəsi və idman işçisi, 4 nəfərə respublika dərəcəli hakim, 5 nəfərə isə əməkdar idman ustası adı verildi".
Bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov 5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə təltifetmə mərasimindən sonra deyib.
Olimpiya və ikiqat dünya çempionu bildirib ki, fəxri adların verilməsi idman mütəxəssisləri üçün stimul olacaq: "Sevindirici haldır ki, yalnız Bakıdan deyil, regionlardan olan şəxslər də təltif olundu. İstərdik ki, onlar bu adları alıb, sakitləşməsinlər, yeni zirvələr fəth etsinlər. Hər birini təbrik edirəm".
F.Mansurov bildirib ki, 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə təntənəli mərasim Gəncə şəhərində keçiriləcək: "Bu da təsadüfi deyil. Gəncə Avropanın idman şəhərlərindən biri seçilib. Ona görə də tədbiri ora təyin etmişik".