Paytaxtda işləyən məşqçilərə adamın lap yazığı gəlir -YAZI
Dərmanın xəstəyə xeyiri ilə paralel ziyanı olduğu kimi dünya da inkişaf etdikcə bu inkişafdan bir sıra problemlər yaranır. Fərdi problemləri həll etmək mümkün olsa da kütləvi problemləri həll etmək çox çətindir. Çox yox, yaxın keçmişə qayıdıb 80-ci illərdəki uşaqların həyat tərzini indiki uşaqların həyat tərzi ilə müqayisə edək. Lap elə başlayaq o vaxtın ucqar kənd həyatından. Uşaq doğulanda belə təbii yolla dünyaya gəlirdi. İndi isə istisna hallardan başqa uşaqlar daha çox əməliyyatla dünyaya gəlirlər. Sanki doğuşun da bir fəlsəfəsi budur ki, çətinliklə dünyaya gələn uşaq həyatın çətinliklərinə sinə gələ bilir. Hələ bunun tibbi faydalarını yəqin tibb mütəxəssislər daha yaxşı bilər. Uşaq elə körpə çağlarından həyət - bacada ev işləri ilə məşğul olan anasının kürəyində təmiz hava udur, təbii ana südü yeyirdi. İndi müxtəlif uşaq yeməkləri ilə qidalanan uşaqların əksəriyyəti evdə televizor qarşısında saatlarla əyləncəli verlişlərə tamaşa edən ananın qurbanı olaraq həmin təmiz havadan məhrum olurlar. O vaxt nəinki hər adamın evində televizor var idi, olanlar da işıq yanacağı təqdirdə nəyisə seyr edə bilirdilər. Özü də kanal sayı da məhdud idi. İnternet imkanları ümumiyyətlə yox idi. Həmin dövrdə normal bir kənddə 15-20 ev olduğu üçün əhali sayı da az idi. Yaşıllığa bürünən kənddə, avtomobilin çox kasad olduğu dönəmlərdə kəndin içindən nadir hallarda avtomobil keçirdi ki, bu da havanın daha da təmiz olması demək idi. Çox nadir hallarda kəndçi dükan məhsulları alırdı. Ət,yağ,çörək,süd,qatıq,yumurta, göyərti,meyvə və sair məhsullar hamının öz həyətindən idi. Təəssüflər olsun ki, indi kəndçi də süni tərkibli qidalardan istifadə edir. Hazırda sivlizasiya dövrünə inteqrasiya olunmuş kəndçi təbəqəsinin əksəriyyəti təsərüfat işləri ilə məşğul olmağa o qədər də maraqlı deyil. O vaxtı əlinə çomaq alıb çobançılıq edən uşağı valideyni görəndə sevincindən az qala qurban kəsirdi ki, oğlum ayının, canavarın içində heyvan sürüsünü idarə edir və gələcəkdə təsərüfatdan qazanc əldə edənim var. İndi uşağın çomaq əvəzinə əlindən telefon düşmür. Sosial internet şəbəkələrinə bağlanıb gecələr oyaq qalıb səhər yorğun,yuxusuz dərsə,məşqə gələn uşaqdan fərqli olaraq o vaxtın uşağı axşam saat 10 olmamış yatırdı. Çünki oyaq qalıb baş qatmağa bir şey də yox idi. Bir şənbə günü Həmidə Ömərovanın aparıcı olduğu “retro” verlişinə oyaq qalıb “Tarzan”, “Rembo” kimi maraqlı filmləri izləməkdən başqa. O vaxtın kənd uşağı idmana yeni qədəm qoyan zaman sanki fiziki hazırlıqlı olurdu. Müəyyən texnikanı qavrayan kimi uşaq tez inkişaf edirdi. Yoxsa, indi məşqçilər idmana yeni başlayan uşağa hələ ayaq üstə dayanmağı öyrədirlər. Qabaqlar məşqə 10 uşaq gəlirdisə, içindən 1 fizioloji cəhətdən zəif uşaq çıxırdı. İndiki vaxtda isə tam əksinədir. Qabaq indiki qədər müalicə eynəkləri taxan uşaqlar yox idi. Demək olar hər üç uşağın ikisinin burun-boğazında el arasında deyildiyi kimi artıq əti var. Bu da uşağı inkişafdan saxlayan amillərdəndir. Ümumiyyətlə indiki uşaqların əksəriyyətinin bədən müqaviməti çox aşağıdır. Əsas da uşaqlarda kalsi çatışmazlığı var. Elə bu səbəbdən də İndiki uşaqların sümüyünün keyfiyyəti bir o qədər keyfiyyətli deyil. Qabaq məşqlərdə idmançılar tam kontakt vəziyyətində mübarizə aparan zaman zədələnirdilərsə, indi zədə riski olmadığı halda uşaq tək özü adi bir idman hərəkəti edən zaman görürsən ki,barmağı çıxdı və ya harasısa əzildi. Ola bilər ki, bir uşağın yaşına görə boyu,çəkisi normaldır. Bu o demək deyil ki, həmin uşağın daxili də zahiri kimi normaldır. Bu problemləri mühit cəhətdən 3 yerə bölmək olar. Kənd, rayon və şəhər. Yəni ümumi statistikaya görə təbiətlə çox əlaqəli yaşam tərzi keçirən kənd uşağı rayon və şəhər mühitində böyüyən uşaqları təbii sağlam bədən formasına görə üstələyir. Uşaq vaxtı yadımdadır,rayonda güləşə getdiyim zaman rayonumuzun kənd yerlərindən məşqə gələn uşaqlarla güləşən zaman fiziki cəhətdən çətinlik çəkirdim. Onlarla tutaşdıqda elə bil əlləri kəlbətin idi. Biz kəndirə dırmaşmaqla əl əzələlərimizi inkişaf etdirirdiksə, onlar bel vurmaqla, odun doğramaqla və sair çöl işləri ilə buna nail olurdular. Həm də dediyim kimi onların orqanizmi də dözümlü olurdu. Çünki çox vaxt təbiətin qoynunda dağın,meşənin təmiz havasında çöl işləri ilə məşğul olmaq kənd uşaqlarını dözümlü edirdi. Biz evin içində suyu açıb əlimizi yuyurduqsa, onlar həyətə çıxıb dəmirdən düzəlmiş əl qurğularını fiziki hərəkətlərlə bir neçə dəfə işə salıb yuyunurdular. Bundan əlavə rayon,kənd yerlərində hər kəsin evinə çox yaxın ərazilərdə uşaqların çayda,göldə,su kanallarında üzgüçülüklə məşğul olmaq imkanları olur. Hamıya məlumdur ki, üzgüçülük bədəni düzgün şəkildə formalışdırır,bir çox xəstəlikləri aradan qaldırmaqla yanaşı insanın dözümlülüyünü də artırır. Paytaxtımızda isə dənizə yaxın yerləri çıxmaq şərtilə uşaqlar daha çox ödənişli su hovuzlarından istifadə edirlər ki, buna da hər ailənin maddi imkanı çatmır. Buna bənzər çox misallar çəkmək olar. Böyük şəhərlərə o cümlədən paytaxta yaxınlaşdıqca bu problemlər daha da artmağa başlayır. Ümumiyyətlə bütün dövrlərdə kənd,rayon,şəhər mühitində böyüyən uşaqlar təbii gücünə görə biri birindən fərqləniblər. İndi isə nəinki biz idmançı yetişdirmək gözü ilə bu fərqi hiss edirik, hətta sağlam normal uşağa rast gələndə belə sevinirik. Statistik göstəricilərə görə indi uşaqların çoxu müalicə və travma ilə dünyaya gəlirlər. Belə uşaqdan nəinki peşəkar idmançı çıxarmaq çətin olur, heç normal gələcəyin əsgəri,ailə başçısı çıxacağını da deməyə adamın dili gəlmir. Paytaxtda işləyən məşqçilərə adamın lap yazığı gəlir. Bakıda bu problemlər daha çox hiss olunur. Bina evlərində yaşayan uşaqların əksəriyyəti günəş şüası altında az olduqları üçün dərilərinin rəngləri belə solğun hala düşüb. Müasir texnologiya ətrafı bürüyüb. Bir hündürmərtəbəli binada yüzlərlə komputer,televizor,peyk anteni,internet aparatları,mobil cihazlar olmaqla yanaşı minə yaxın insan yaşayır. İndi təsəvvür edin bu binadan ətraf mühitə nə qədər radiasiya şüaları,insan nəfəsi dağılır və üstəlik sutkaboyu hərəkət edən avtomobillərdən xaric olan qaz,tüstü. Bunun əvəzində isə yaşıllıq zolağı yox dərəcəsində olan havadan lazımi qida almaq olmur. Balaca bir ərazidə insanlar boğulur sanki. Amma belə bir hündürmərtəbəli binanın tutduğu yer qədər ərazidə kənd yerində cəmi bir həyət evi olur və hər sadaladığımız cihazdan olsa belə uzağı bir neçə ədəd olar. Əvəzində isə böyük yaşıllıq zolağı var. Avtomobil azlığı var. İndi özünüz fikirləşin hansı mühitdən idmançı yetişdirmək asan olar? Biz hələ ətraf mühitin sağlam vücudun formalaşmasına vurduğu zərərləri qabardırıq. Paytaxt məşqçiləri daima material çatışmazlığından şikayətlənirlər. Amma gözə görsənməyən daha bir problem var. Yuxarıda qeyd etdiyimiz kimi təmiz hava qıtlığı vücudun sağlam formalaşmasına yetərincə imkan vermir. Eyni zamanda oksigen çatışmazlığı beyinə də öz təsirini göstərir. Şəhər mühitində böyüyən uşaqlar bir şeyi öyrənib qavramaqda da əziyyət çəkirlər. Mən özüm də məşqdə dəfələrlə bunun şahidi olmuşam. Bir fəndi yüz dəfə göstərirsən yenə başa düşmürlər. Mən bir neçə təcrübəli həkimlərlə bu barədə fikir mübadiləsi apardım. Onlara sual etdim ki,bəlkə beyin oksigenlə yaxşı qidalanmadığı üçün bu problemlər ortaya çıxır. Çünki ilk siqnal beyindən əzələyə ötürülür və beyinlə əzələ kontakt yaradıb fəndi icra edir.Onlar da bu fikirlə hardasa razılaşdılar. Çünki dəfələrlə şahidi olmuşam ki, şəhər mühitində hər cürə müasir şəraitlə təmin olunmuş məktəblərdə təcrübəli,bilikli müəllimlərin rəhbərliyi altında təhsil almış uşaqlar ali məktəbə qəbul olmaq üçün yüksək bal toplaya bilmir. Amma baxırsan ki, ucqar bir kənddə soyuq sinif otaqlarında şəraitsiz bir məktəbdə oxuyan uşaq gəlib 700 bal toplayır. Sizcə bu təsadüfdürmü? Mədənin qidası yeməkdirsə, beynin də qidası sakitlik və təmiz havadır. Şəhər mühitində yaşayan insanlarda bəlkə də beyin yorğunluğu bədən yorğunluğundan daha çoxdur. Ümumiyyətlə insanların sıx olduğu məkanlarda tez-tez stress keçirmək riski çox olur. Çünki bütün neqativ hadisələrin başında insan durur. Məcburən cəmiyyətin təzyiqləri ilə rastlaşırsan. Bir uşağın evdən durub məşqə gedib gəldiyi təxminən 1 saat ərzində yoldakı avtomobillərin siqnal və əyləc səsinə verdiyi reaksiya, mindiyi nəqliyyat vasitələrində rastlaşdığı insanların qeyri - etik davranışlarına olan reaksiya, yüzlərlə gördüyü insanların neqativ aurası qarşısında əlbəttə ki, beyin yorğunluğu olacaq. Yorğun beyinə hansı yükləməni vermək olar? Amma sakit rayon,kənd yerlərində piyada məşqə gedənlər küçədə 5-10 nəfər adam görə ya görməyə. Quşların səsi elə adamın ruhunu dincəldir. Üstəlik həm vaxt,həm də maddi baxımdan irəli düşürsən. Onsuzda biz keçmişə qayıdan deyilik. Sadaladığımız müasir dövrün problemləri ilə bacardığımız qədər mübarizə aparmalıyıq. Amma yenədə təəssüflər olsun ki, bizim iradəmizdən asılı olmayan ekoloji vəziyyət, təbii qida çatışmazlığı öz işini görür.
Ramin Allahverdi, əməkdar məşqçi.