AFFA-nın baş katibi: “Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır”
“Azərbaycanda uşaq futbolu yoxdur” deyənlərin bu sahədən xəbəri yoxdur”.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Növbəti Hesabat Konfransında söyləyib.
O deyib ki, həftəlik 245 oyun təşkil olunur: “Müxtəlif bölgələrdə həftəsonu oyunların şahidi olursunuz. Futbol matçlarının 74 faizini biz maliyyələşdiririk. Bunlara sosial məsuliyyət daşıyırıq. Amma problemlər də var".
Baş katibin fikrincə, məşqçilər uşaqlara futbolu öyrətməlidirlər. Bu məqsədlə AFFA rəsmisi kurslar təşkil etdiklərini və 574 məşqçinin imtahandan uğurla keçdiklərini söyləyib. O, məşqçilərin özləri üzərində çalışmalarının vacibliyini vurğulayb.
Baş katib bu dəfə yeniliyə imza ataraq, Hesabatı planşet formasında təqdim etdiklərini bildirib. O, şanssızlıq və əzmkarlığın çatmaması üzündən Azərbaycan millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksələ bilmədiyini deyib. "Futbol 11 nəfərdən ibarət deyil" deyən baş katib bütün sahələrə diqqətlə yanaşmalarının vacibliyini dilə gətirib.
Səkkiz komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında əsl mübarizənin getdiyini deyən AFFA rəsmisi, komanda sayının artmasının tərəfdarı olduqlarını bildirib: “Bz də istərdik ki, 10 komanda olsun, amma güclülər çıxış etsin. Klubların maliyyə mənbələri bilinsin, şəffaflıq təmin olunsun. Klublar AFFA kimi şəffaf olsunlar, maliyyə mənbələrini ictimaiyyətə göstərsinlər. Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunu 25 faizini klublardan zəmanət kimi tələb edirik. Bu, UEFA və FIFA-nın tələbidir. Bununla çempionatımızı və klublarımızı sığortalayırıq. Əsas məsələ şəffaflığın təmin olunmasıdır. Konfransdan dərhal sonra rəsmi saytımızda maliyyə hesabatımız dərc olunacaq”.