Gənclər və idman naziri Azad Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüşüb.
Bakı İdman Sarayında təşkil olunan görüşdə Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib.
Nazir yarışlarda Azərbaycanı 56 idmançının on idman növündə təmsil edəcəyini bildirib. Azad Rəhimov ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun önəmindən də söhbət açaraq dünyanın 45 ölkəsindən 220-dən çox iştirakçının qatıldığını və dövlətin daim əqli və fiziki imkanları məhdud insanlara diqqət göstərdiyini vurğulayıb.
Sahil Babayev bilidirib ki, idmançılarımızın Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına dəstək verilib: "Bu Oyunlarda iştirak edəcək heyətin arasında Nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Onlara Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb".
Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu gün 5 minə yaxın idmançını özündə birləşdirir. Komitənin prezidenti Şahin Əliyev Xüsusi Olimpiya Təşkilatı ilə fəal əməkdaşlıq etdiklərini söyləyib. O, dövlətin daimi dəstəyi şəraitində Azərbaycanda xüsusi olimpiya hərəkatının daim genişləndiyindən söz açıb.
Hər iki nazir idmançılara bu yarışlarda uğurlar arzulayıb. Onlar daha sonra atletlərin təlim-məşq prosesinə baxıb.
Qeyd edək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Azərbaycandakı xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə ölkə idmançıları ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək 8 qızıl, 11 gümüş və 5 bürünc medal qazanıblar.
Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən dəstəklənib.