Nazirlikdə boks və ağırlıqqaldıranlarla görüş olub
ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən dünya birinciliyində və Rusiyanın Vladiqafqaz şəhərində baş tutan 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandalarının üzvləri ilə görüş olub.
Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə qurumun rəsmiləri, federasiya nümayəndələri, məşqçi və idmançılar iştirak ediblər.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov hər iki yarışda uğur qazanan idmançıları təbrik edib. O, ölkədə idmana göstərilən dövlət qayğısından söhbət açıb və Azərbaycanın "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" kimi nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyib. Nazirlik rəsmisi idmançılara Yay Olimpiya Oyunlarında da uğur qazanmağı arzulayıb.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da ölkədə idmana göstərilən dəstəkdən söhbət açıb. O, ağırlıqqaldıranların ABŞ-da böyük uğura imza atdığını deyib: "İdmançılarımız yarışa tam hazır getmişdilər. Nəticələri qənaətbəxş saymaq olar. Bu gənclər gələcəkdə əsas heyəti formalaşdıracaqlar. Ümid edirəm ki, nəticələrimizlə hamını sevindirməyə davam edəcəyik".
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Asif Məmmədov turnirə tam heyətlə yollana bilmədiklərini deyib: "Yarışa daha böyük heyətdə qatıla bilərdik. Ancaq zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik".
Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsiz qərarları ilə üzləşdikərini vurğulayıb.
Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər".
Qeyd edək ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 5 üzvü mükafatçılar sırasına düşüb. Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla sahib çıxıb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb. Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci olub. Boksçulardan Məhəmməd Abdullayev (+90) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) isə bürünc medal əldə edib. Kişilərdən ibarət yığma komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib.