Ramil Şeydayev: "Xorvatiyaya qol vurmağa çalışacağam"
“Oyuna hazırlıq normal gedir. Yeni baş məşqçimiz Nikola Yurçeviçlə birgə işlədik, danışdıq. Matça qədər daha iki günümüz var”.
Bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya ilə səfər görüşü ərəfəsində deyib.
23 yaşlı hücumçu Zaqrebdə yaxşı oynamağa çalışacaqlarını bildirib: “Həm fiziki, həm də taktiki baxımdan oyuna hazır olacağımızı düşünürəm. Yaxşı oynamağa çalışacağıq. Hələlik yeni baş məşqçi ilə yoldaşlıq matçımız belə olmayıb. Necə alınacağına baxacağıq. Əvvəl oynamaq, sonra danışmaq lazımdır”.
“Krılya Sovetov” klubunun formasını geyinən forvard Rusiya Premyer Liqasının son turlarında 3 qol vurmaqla diqqət mərkəzinə düşüb. O, bunu oyun praktikasının artması ilə əlaqələndirib: “Öz oyunumu oynayıram, hər şey alınır və qol vururam. Bəlkə, növbəti görüşdə alınmayacaq. İşləmək, çalışmaq lazımdır. Əvvələr oyun praktikam çatışmırdı. Son 2 qarşılaşmada əsas heyətdə yer almamağım baş məşqçinin qərarıdır. Ona hörmət edir və normal yanaşıram”.
Yığmada ilk və hələlik yeganə qolunu 2017-ci il oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsində Almaniyaya vuran R.Şeydayev mundialın sonuncu finalçısı ilə dueldə də fərqlənmək istəyir: “Xorvatiyaya qol vurmağa çalışacağam. Əsas olan baxımlı yox, sadəcə, qol vurmaqdır. Baxımlı olmasa da olar”.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.(report)