AVRO-2020: Xorvatiya Macarıstana uduzub, Uels qələbə qazanıb

Futbol üzrə AVRO-2020-nin seçmə qrup mərhələsində II tura start verilib.

Azərbaycan millisinin yer aldığı "E" qrupunda iki oyun keçirilib.

Mübarizəyə yeni başlayan Uels yığması "Kardiff Siti" stadionundaSlovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 5-ci dəqiqədə Daniel Ceyms vurub.

Qrupun digər oyununda Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. Budapeştdəki "Groupama Arena"da təşkil olunmuş qarşılaşmada yerli komanda qalib gəlib - 2:1. Hesabı 13-cü dəqiqədə qonaq komandadan Ante Rebiç açıb. Lakin 34-cü dəqiqədə Adam Salai, 76-cı dəqiqədə isə Mate Patkai fərqlənib.

Bu oyunlardan sonra "E" qrupunda 5 komandadan 3-nün xalları bərabərləşib. Slovakiya, Macarıstan və Xorvatiyanın 2, Uelsin 1 oyundan sonra 3 xalı var. Cəmi 1 matç keçirən Azərbaycan millisi isə xalsızdır. Növbəti turda yığmanın rəqibi Macarıstan olacaq. Görüş iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.