Azərbaycanın sərbəst güləş üzrə Olimpiya çempionu məşqlərə başlayıb
Azərbaycanın sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərovməşqlərə başlayıb.
Bu barədə jurnalistlərə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, Əsgərov şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında Gəncədə fərdi qaydada çalışır. O, titullu pəhləvanın Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatınadək kollektiv məşqlərə qoşulacağını əlavə edib.
N.Əliyev qadın güləşçi Mariya Stadnikin Avropa çempionatına zədə səbəbindən aparılmayacağını da diqqətə çatdırıb.
Federasiya rəsmisi Avropa çempionatından gözləntilərini də açıqlayıb: “Heyəti sabit qiymətləndirmək olar. Ümidvarıq ki, bu heyət ölkəmizi layiqincə təmsil edəcək. Güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Əsas məqsədimiz dünya çempionatıdır. Çünki olimpiadaya lisenziya verəcək. Buna görə bəzi idmançılarımızı qoruduq”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Yarışa Azərbaycanın, ümumilikdə, 28idmançısı qatılacaq.